"Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipinə əməl edir. Bu siyasəti də beynəlxalq hüquqi müstəqillik müstəvisində tənzimləməsində maraqlıdır. Dəfələrlə Azərbaycan rəsmiləri bəyan ediblər ki, Azərbaycan qonşularına, o cümlədən İrana qarşı üçüncü dövlətlərin hərbi və ya digər əməliyyatlarında iştirak etməyəcək və bu cür addımlara icazə verməyəcək. Buna baxmayaraq, Naxçıvan havalimanına dron zərbəsi endirilməsi İran–Azərbaycan münasibətlərinə xələl gətirir və açıq şəkildə bu təxribat xarakterli hərəkətlər Azərbaycan ictimaiyyətində böyük narazılığa səbəb oldu. Sual meydana gəlir: İran–Azərbaycan münasibətlərinin korlanmasında maraqlı tərəf kimdir? Əvvəlcə onu qeyd edim ki, Naxçıvana endirilən hərbi zərbə İranın dövlət və milli maraqlarına uyğun gəlmir. Bu baxımdan, İran–Azərbaycan münasibətlərinin korlanmasını istəyən qüvvələr də mövcuddur. Bunlar dəfələrlə Azərbaycan–İran arasında qarşıdurma yaratmaq üçün müxtəlif bəyanatlar səsləndirirlər. İranın daxilində Amerikanın casus şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkə müntəzəm şəkildə İran dövləti adına Azərbaycan əleyhinə bəyanatlar verirdi. Bu casus şəbəkəsi müxtəlif strukturlarda, həm dini liderin, prezidentin, parlamentin, həm də dövlətin digər strukturlarında fəaliyyət göstərir və İrandakı aparılan əməliyyatlar da bir daha təsdiqləyir ki, Birləşmiş Ştatların casus şəbəkəsi İran daxilində çox aktiv fəaliyyət göstərir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. O, İlham Əliyevin İranın Ali Rəhbəri Ayətullah Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib. Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını qeyd edib və hadisənin araşdırılacağını vurğulayıb. Prezident İlham Əliyev də İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxsin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb və Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini diqqətə alıb.
Siyasi şərhçi qeyd edib ki, müxtəlif strukturlarda fəaliyyət göstərən bu casus şəbəkəsi İran–Azərbaycan münasibətlərinə xələl gətirə bilər və digər dövlətlərdə də gərginlik yarada biləcək addımlar atıb.
"Buna baxmayaraq, Azərbaycan Prezidenti ilə İranın indiki Prezidenti arasında yaranmış dostluq münasibəti bu qarşıdurmanı aradan qaldırır. Bu təxribat, yəni Naxçıvan havalimanına atılan zərbə də bu dostluq münasibətini pozmağa hesablanmış ola bilər. Çünki, dediyim kimi, İran–Azərbaycan münasibətlərinin pozulması nə İranın dövlət maraqlarına, nə də Azərbaycanın dövlət və milli. maraqlarına uyğundur. Bu, üçüncü tərəfin maraqlarına uyğundur və həmin üçüncü tərəf ABŞ-dır. Naxçıvana atılan dronlar, İran ərazisindən Naxçıvana hərəkət edən dron olmuşdur. Dronun qalıqları sübut edir ki, bunlar İrana məxsus dronlardır. Təbii ki, İran dövləti və İran Prezidenti bu faktı araşdırmalıdır. Dövlətin üzrxahlıq zəngi təqdirə layiqdir; İran Prezidenti Azərbaycan Prezidentinə zəng edərək üzrxahlıq edib və münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmağa çalışıb. Bu baxımdan İran Prezidentinin üzrxahlıq zəngi təqdirə layiqdir. Təbii ki, İranda baş verən hadisələr Cənubi Qafqaza və regiona təsir edəcəkdir. Birləşmiş Ştatların məqsədi İranda hakimiyyəti ələ keçirməkdir və ABŞ öz nəzarətində olan bir dövlət yaratmaqda maraqlıdır; bunu da ABŞ Prezidenti Tramp açıq şəkildə bəyan edib, İranı tam nəzarətə almaq niyyətindədirlər. Əgər Birləşmiş Ştatlar İranı öz nəzarətinə keçirərsə, bundan üç istiqamətdə istifadə olunacaq: birincisi, Çin əleyhinə; ikincisi, Rusiya əleyhinə, çünki Rusiyanın Cənub cinahının bağlanması istiqamətində; üçüncüsü isə Türkiyə istiqamətində. Çünki Rusiya ilə İranın Şimal–Cənub dəhlizinin işlək vəziyyətə gəlməsi Amerikanın maraqlarına uyğun deyil. Rusiya dünya siyasətində və iqtisadi-siyasi sistemdə təcrid edilməli, və Rusiyanın Cənub cinahını bağlamaq üçün Şimal–Cənub dəhlizinin fəaliyyəti əngəllənməlidir. Bu, Cənubi Qafqaza və regiona təsir göstərəcək. İkincisi, İrandan Türkiyəyə qarşı istifadə olunacaq, çünki Türkiyə regional gücdən qlobal gücə çevrilə bilər. Turan İttifaqının yaranması prosesi gedir. Belə olan təqdirdə İrandan bu ittifaqın yaradılması üçün istifadə olunacaq. Turan İttifaqının yaradıcılarının aparıcı lokomotiv dövlətlərindən biri Türkiyə, digəri isə Azərbaycandır. Belə olan təqdirdə, İrandakı proseslər ABŞ-nin nəzəriyyəsinə uyğun keçərsə, birbaşa bu proses Cənubi Qafqazda vəziyyəti gərginləşdirə bilər. Ümumiyyətlə, İranda baş verən əməliyyatlar Amerikanın strateji planının tərkib siyasətidir və dəfələrlə ABŞ bu strategiyanı həyata keçirmək üçün müxtəlif bəhanələr gətirib. Ya İran terrorçulara dəstək verir ideyası ilə, ya da Uranın zənginləşdirilməsini bəhanə edərək İrana hərbi əməliyyatlar başlanılıb. Yəni Amerikanın məqsədi İranda hakimiyyəti devirib özlərinə münasib bir hakimiyyət qurmaqdır ki, bu da ABŞ-nin bir strategiyasıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az