İran: Atəşkəs çağırışlarına baxmayaraq müdafiəni dayandırmayacağıq
Yaxın Şərqdə son dövrlər artan gərginlik və qarşılıqlı hücumlar regionda genişmiqyaslı müharibə ehtimalını yenidən gündəmin əsas mövzularından birinə çevirib. Hərbi aktivliyin artdığı və diplomatik təmasların davam etdiyi bir vaxtda İran tərəfi atəşkəs müzakirələri ilə bağlı diqqət çəkən açıqlama verib.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi televiziya proqramında çıxışı zamanı bildirib ki, Çin, Rusiya, Fransa və bəzi region ölkələri müharibənin dayandırılması və ya atəşkəsin əldə olunması məqsədilə Tehranla əlaqə saxlayıblar.
Onun sözlərinə görə, bir sıra dövlətlər İranı atəşkəsə razı salmağa çalışır. Lakin rəsmi Tehranın bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalır.
Qəribabadi vurğulayıb ki, İran müharibəni başladan tərəf deyil və bu səbəbdən ölkənin müdafiə tədbirlərini dayandırması mümkün deyil.
“Biz bu müharibəni başlamamışıq. Buna görə də özümüzü müdafiə etməyi dayandırmaq bizim üçün seçim deyil”, – deyə iranlı diplomat bildirib.
İran rəsmisinin sözləri regionda davam edən gərginlik fonunda Tehranın yaxın vaxtlarda hərbi fəaliyyətlərini dayandırmağa hazır olmadığını göstərir. Bu isə Yaxın Şərqdə münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırır.
AzNews.az