ABŞ, İsrail və İran arasında davam edən münaqişədə gərginlik hər gün artır. Qarşılıqlı hücumlar və sərt bəyanatlar bölgədə gərginliyi artırır. Döyüşlərin 11-ci günü yeni qarşıdurmalarla başlayıb. Vaşinqton administrasiyası Hörmüz boğazı ilə bağlı diqqət çəkən bir plan ortaya qoyub. İran isə Ağ evi daha ağır silahlardan istifadə etməklə hədələyir.
ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlamada strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı planlarını açıqlayıb . Qlobal neft ticarətinin əhəmiyyətli bir hissəsinin keçdiyi boğaza nəzarət etməyin vacibliyini vurğulayan Tramp ABŞ-ın bölgəyə nəzarəti tam ələ keçirməyi planlaşdırdığını bildirib.
Ekspertlər Hörmüz boğazının qlobal enerji təchizatı üçün həyati əhəmiyyətli bir tranzit nöqtəsi olduğunu və oradakı hər hansı bir hərbi fəaliyyətin dünya bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb ola biləcəyini qeyd edirlər.
İRAN SƏRT CAVAB VERDİ
Trampın sözləri İran tərəfindən sərt reaksiya ilə qarşılanıb. İran İnqilab Keşikçiləri Korpusunun- SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı Hüseyn Məcid Musəvi müharibənin yeni bir mərhələyə qədəm qoya biləcəyini bildirib və raket hücumlarının daha dağıdıcı olacağını əlavə edib.
Musəvi İranın gələcəkdə daha ağır döyüş başlıqlarından istifadə edəcəyini bildirib. İranlı komandan yeni mərhələdə hücumların intensivliyinin işarə edərək deyib: "Bundan sonra bir tondan yüngül döyüş başlığı olan heç bir raket buraxılmayacaq".
Bu bəyanat İranın uzun mənzilli və yüksək dağıdıcı qabiliyyətə malik raketlərindən istifadə edilməsinin anonsu kimi şərh olunub. İranın ballistik raket proqramı uzun müddətdir ki, ABŞ və İsrail tərəfindən regiondakı ən böyük təhlükəsizlik təhdidlərindən biri hesab olunur.
Bu arada, müharibənin 11-ci günündə tərəflərin qarşılıqlı hərbi hərəkətləri davam edir. Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Körfəz bölgəsindəki mövcudluğunu artırıb və ərazidəki müttəfiq ölkələrlə əlaqələndirilmiş şəkildə hərəkət edir. İran isə Hörmüz boğazında və ətrafındakı hərbi elementlərini yüksək hazırlıq vəziyyətinə gətirib.
AzNews.az