ABŞ-nin müdafiə naziri Pit Heqset verdiyi bəyanatda İranın məktəb və xəstəxanalardan raket atdığını bildirib. O, hərbi gücü zəifləyən Tehranı mülki əhalini qəsdən təhlükəyə atmaqda ittiham edib.
"Onlar məktəblərdən və xəstəxanalardan raket atırlar; hərbi qüvvələrinin sistematik şəkildə zəiflədildiyini və məhv edildiyini bildikləri üçün qəsdən günahsız insanları hədəfə alırlar", — deyə Heqset Pentaqonda Den Keyn ilə birlikdə keçirdiyi brifinqdə bildirib.
Heqset İranın "çarəsiz və pərişan" vəziyyətdə olduğunu vurğulayıb və əlavə edib ki, Tehran "Epik Qəzəb" (Operation Epic Fury) əməliyyatının 10-cu günündə ağır şəkildə məğlub olur.
O, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcək.
Pentaqon İran kampaniyasının hədəflərini açıqlayıb
Heqset əməliyyatın üç əsas hədəfi olduğunu bildirib: İranın raket ehtiyatlarını və buraxılış qurğularını məhv etmək, donanmasını sıradan çıxarmaq və Tehranın nüvə silahı əldə etməsinin qarşısını birdəfəlik almaq.
ABŞ ən intensiv hava zərbələri gününü gözləyir
Heqset Birləşmiş Ştatların indiyədək olan ən intensiv zərbələr gününü planlaşdırdığını qeyd edib.
"Məsələn, bu gün İran daxilində yenidən ən intensiv zərbələr günümüz olacaq – ən çox sayda qırıcı, ən çox bombardmançı və ən çox hava hücumu bu gün baş tutacaq", — deyə o bildirib.
Nazir əlavə edib ki, İran son 24 saat ərzində əməliyyat başlayandan bəri ən az sayda raket atıb.
Mövsüm,
AzNews.az