“ABŞ və İsrail bir neçə istiqamətdə ciddi nəticələr əldə edib” – Oqtay Qasımov

10 Mart 2026 22:26 (UTC+04:00)

"Amerika və İran tərəfindən ziddiyyətli açıqlamalar verilməsini artıq adi hal kimi qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu savaş həm də bir hibrid savaşdır. Tərəflər bu savaşda yalnız sahədə raket, dron və təyyarələrlə döyüşməlidir. Eyni zamanda həm də informasiya və təbliğat sahəsində savaş getməkdədir. Donald Trampın qısa müddətdə İranda savaşı bitirməklə bağlı səsləndirdiyi bəyanat bir çox amillərlə izah oluna bilər. Belə ki, Donald Tramp 12 günlük savaşda iştirak edərək, sonuncu günü İranın 3 nüvə mərkəzinə zərbə endirdi və ardından qələbəni elan etdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı diqqət çəkən açıqlama verib. “CBC News” televiziyasına müsahibəsində o, İranın hərbi gücünün tükənmək üzrə olduğunu və münaqişənin böyük ölçüdə başa çatdığını bildirib. Trampın sözlərinə görə, ABŞ planlaşdırılandan daha tez nəticə əldə edib. Lakin İran tərəfi isə bu gün tammiqyaslı müharibəyə başladığını açıqlayıb. Bu ziddiyyətli bəyanatlar müharibə ilə bağlı qeyri-müəyyənliyi daha da artırır.

Siyasi şərhçi qeyd edib ki, buna bənzər bir ssenari indi də mümkündür.

"Əslində 11 gün ərzində Amerika və İsrail bir çox istiqamətlərdə ciddi nəticələr əldə ediblər, desək yanılmarıq. Danışıqlar prosesində Amerikanın irəli sürdüyü 4 tələbdən biri İranın nüvə proqramının dayandırılması idi. Son günlər nüvə mərkəzlərinə endirilən zərbələr bu istiqamətdə İranın imkanlarını xeyli məhdudlaşdırıb və nüvə proqramına ciddi zərər dəyib. Bundan başqa, ikinci tələb İranın balistik raket istehsalı və raket sahəsinin məhdudlaşdırılması ilə bağlı idi. Nəzərə alsaq ki, savaş başlanan ilk gündən əsas hədəf məhz balistik raket potensialı olmuşdur, həm istehsal sahələri vurulub, həm də stokların vurulması istiqamətində müəyyən nəticələr əldə olunub. Balistik raketlərin sistemlərə vurulmasında da ciddi nəticələr əldə olunub. Bundan başqa, İran donanmasına ağır zərbələr endirilib; 40-dan artıq İran hərbi gəmisi batırılıb və ya işlək vəziyyətdən çıxarılıb, bu da böyük nəticələr hesab olunur. Amerikanın və İsrailin İran qarşısında qoyduğu üçüncü tələb isə proksi qüvvələrə dəstəyin dayandırılması ilə bağlıdır. Bu istiqamətdə də kifayət qədər ciddi addımlar atılıb. Xüsusilə İranla savaşla bərabər, İsrail həm də liman ərzində Hizbullaha qarşı əməliyyatlar keçirir və onun dayaq məntəqələrinə zərbələr endirilir. Bu baxımdan müəyyən nəticələr var, amma ABŞ yaxşı başa düşür ki, savaşın uzanması onun maraqlarına uyğun deyil. Noyabrda ABŞ-da aralıq seçkilər keçiriləcək və savaşın uzanması Donald Trampın siyasətinə uyğun gəlmir. Eyni zamanda o, gələn ay Çinə səfər etməlidir və bu səfər ərəfəsində ona əlavə problemlərin yaranması gərək deyil. Bu baxımdan düşünürəm ki, məhz bu məqamları nəzərə alaraq Donald Tramp qarşıdakı yaxın müddətdə bu savaşı bitirə bilər. Amma İran tərəfinin tam miqyaslı savaşa başlamış bəyanatları bir qədər ritorik xarakter daşıyır və savaşın daha çox uzanması həm rejimin sərt tərəfdarlarının, həm də İrana müəyyən dəstək verən Çin və Rusiyanın marağındadır. Çünki Amerikanın əsas rəqibi olan Çin, onun İran savaşında batıqlıqda ilişib qalmasında maraqlıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az