“Abituriyent sayının artması keçid ballarının yüksəlməsi ehtimalını artırır” – Məzahir Məmmədli

10 Mart 2026 22:28 (UTC+04:00)

"Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarından sonra həm abituriyentlər, həm də valideynlər arasında müəyyən narazılıqlar yaranıb. Bunun əsas səbəblərindən biri bu il ali təhsil müəssisələrinə sənəd verənlərin sayının ötən illərlə müqayisədə xeyli artmasıdır. Məlumata görə, bu artım təxminən 8–9 min nəfər təşkil edir. Bu vəziyyət isə həm valideynlər, həm də abituriyentlər arasında müəyyən gərginlik yaradıb. Çünki sənəd verənlərin sayının artması fonunda keçid ballarının da yüksələcəyi ehtimalı müzakirə olunur. İmtahan suallarının asan və ya çətin olması məsələsinə gəlincə, artıq sosial şəbəkələrdə və müxtəlif müzakirələrdə buraxılış imtahanlarında xüsusilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə sualların bir qisminin nisbətən çətin olduğu barədə fikirlər səsləndirilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, martın 9-da 11 illik orta təhsil səviyyəsi üzrə bu ilin ilk buraxılış imtahanı keçirilib. İmtahandan sonra sosial şəbəkələrdə və abituriyentlər arasında bəzi sualların nisbətən çətin olması ilə bağlı fikirlər səsləndirilib. Bu müzakirələr isə builki nəticələrin ümumi bal göstəricilərinə necə təsir göstərə biləcəyi məsələsini gündəmə gətirib. Dövlət İmtahan Mərkəzi səsləndirilən iddialara münasibət bildirərək qeyd edib ki, imtahanın asan və ya çətin olması nisbidir və bu, iştirakçıların hazırlıq səviyyəsindən asılı olaraq fərqli qiymətləndirilə bilər. Müzakirələr fonunda orta statistik balın ötən illərlə müqayisədə dəyişib-dəyişməyəcəyi, həmçinin ayrı-ayrı ixtisas qrupları üzrə keçid ballarında mümkün artım və ya azalma ehtimalı da diqqət mərkəzindədir.

Ekspert qeyd edib ki, müzakirə olunan digər məsələlərdən biri də xarici dil imtahanları ilə bağlıdır.

"İngilis, fransız və rus dili qrupları üzrə bəzi auditoriyalarda dinləmə – yəni eşitmə qurğuları ilə bağlı texniki problemlərin yaşandığı iddiaları irəli sürülüb. Bununla bağlı Dövlət İmtahan Mərkəzi açıqlama verərək bildirir ki, qurumun rəsmiləri valideynlər və abituriyentlər tərəfindən səsləndirilən iddialarla razılaşmır və imtahan prosesinin qaydalara uyğun təşkil olunduğunu qeyd edirlər. Digər tərəfdən, sualların çətinliyi ilə bağlı müzakirələr fonunda repetitorlar və hazırlıq kurslarının fəaliyyəti də gündəmə gəlib. Bildirilir ki, valideynlərin böyük məbləğdə vəsait ödədiyi hazırlıq kurslarında keçirilən sınaq imtahanlarında yüksək nəticə göstərən bəzi abituriyentlər buraxılış imtahanında eyni nəticəni təkrarlaya bilməyiblər. Bu səbəbdən də valideynlər və abituriyentlər hazırlıq müəllimlərini və kurs rəhbərlərini ittiham edirlər. Onlar isə öz növbəsində Dövlət İmtahan Mərkəzini günahlandıraraq imtahana blok tipli və daha ağır sualların salındığını iddia edirlər. Beləliklə, tərəflər arasında qarşılıqlı ittihamlar səsləndirilir. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini təxminən 7 həftə sonra açıqlayacaq. Məhz bundan sonra ümumi nəticələrin hansı mənzərəni ortaya qoyduğunu daha aydın şəkildə görmək mümkün olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az