İran Hörmüz boğazını bağladı, Tramp sərt xəbərdarlıq etdi

10 Mart 2026 22:40 (UTC+04:00)

Yaxın Şərqdə gərginlik yüksək olaraq qalır. ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə artıq 11-ci gününə yaxınlaşır.

Hər iki tərəf hücumlarını davam etdirərkən, müharibənin təsirləri təkcə regionla məhdudlaşmır, bütün dünyaya yayılır.

Hörmüz boğazı bağlanıb

İran İnqilab Keşikçiləri Korpusu martın 3-də Hörmüz boğazının keçidlər üçün bağlandığını və buradan keçməyə çalışan gəmilərə hücum ediləcəyini elan edib.

Xəbərdarlıqlara baxmayaraq, boğazdan keçməyə cəhd edən bəzi gəmilərin vurulduğu bildirilib.

Neft qiymətləri kəskin artıb

İranın bu qərarından sonra dünya üzrə yanacaq böhranı yaranmağa başlayıb.

Daşımaların dayanması səbəbindən Brent markalı neftin bir barelinin qiyməti 100 dolları keçib.

“Şübhəniz varsa, yaxınlaşın və sınayın”

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Tənqsiri isə Hörmüz boğazından keçidlər barədə ABŞ və İsraillə əlaqəli gəmilərə sərt mesaj göndərib.

Tənqsiri sosial şəbəkə hesabında paylaşım edərək bildirib:

“Biz müharibənin əvvəlində bunu elan etdik və indi də yenidən bildiririk.

İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur. Əgər şübhəniz varsa, yaxınlaşın və sınayın.”

Avropa və Körfəz ölkələrinə şərt qoyulub

İnqilab Keşikçiləri Korpusu bu gün açıqlamasında İsrail və ABŞ səfirlərini ölkələrindən çıxaran ərəb və Avropa dövlətlərinə Hörmüz boğazından keçid üçün tam sərbəstlik veriləcəyini bildirib.

Trampdan sərt təhdid

ABŞ prezidenti Donald Tramp isə sosial şəbəkə hesabında etdiyi açıqlamada İranın Hörmüz boğazından keçən neft daşımalarını dayandırmaq üçün hər hansı addım atmasının ciddi nəticələr doğuracağını deyib.

Tramp bildirib ki, belə bir addım atılacağı təqdirdə ABŞ daha güclü hərbi cavab verəcək:

“Əgər İran Hörmüz boğazındakı neft axınını dayandırmaq üçün hər hansı addım atarsa, ABŞ tərəfindən indiyə qədər gördüklərindən 20 dəfə daha sərt zərbə alacaq.”

Mövsüm,

AzNews.az