“Rusiya İranı qurban verib sanksiyaların yumşaldılmasına çalışır” – Elçin Xalidbəyli

11 Mart 2026 19:47 (UTC+04:00)

"ABŞ və Rusiya arasında bir anlaşmanın olduğu iddia olunur və son hadisələrin inkişaf istiqamətləri də belə bir anlaşmanın istisna olmadığını təsdiq edir. Çünki Rusiya Yaxın Şərqdəki savaşda ABŞ-nin İrana hərbi müdaxiləsinə olduqca təmkinli yanaşdı. Sadəcə növbətçi bəyanatlar verməklə kifayətləndi, elə bir ciddi müqavimət və yaxud da etiraz bildirmədi. Bu da onu göstərir ki, ABŞ və Rusiya arasında anlaşma hər halda mövcuddur. Üstəlik, Tramp administrasiyasının Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı niyyətini ifadə etməsi də ABŞ-Rusiya anlaşmasının mövcud olduğunu təsdiq etmiş kimi görünür. Belə anlaşılır ki, Rusiya İranı qurban verib və əvəzində də ABŞ-dan sanksiyaların yumşaldılmasına nail olmağa çalışır. Böyük ehtimalla, Kreml ABŞ-dan belə bir təminat alıb və indi həmin təminatın icra mexanizmlərini iki ölkənin prezidentləri müzakirə edir. Təbii ki, Rusiya tələsir, çünki indiki situasiya tamamilə Rusiyanın maraqlarına uyğundur. Fəaliyyət ciddi problemlərlə üzləşib, dünya bazarlarında satışa çıxarılan neftin həcmi azalıb. Buna paralel olaraq, neftin qiyməti həm onun həcminin azalmasına görə, həm də ümumilikdə Yaxın Şərqdəki müharibə vəziyyətinə görə bahalaşır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İran ətrafında yaranmış gərginlik fonunda Vladimir Putin və Donald Tramp arasında telefon danışığı həyata keçirilib. Bu barədə Dmitry Peskov açıqlama yayıb. Məlumata görə, söhbət təxminən bir saat davam edib və tərəflər Yaxın Şərqdəki vəziyyəti, İranla bağlı böhranı və regionda təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər. Kremlin sözçüsü əlavə edib ki, Vladimir Putin İran böhranının həlli üçün Moskvanın hazırladığı təklifləri ABŞ tərəfinə təqdim edib, lakin bu təkliflərin konkret detalları açıqlanmayıb. Peskov bildirib ki, tərəflər arasında danışıqlar diplomatik kanallar vasitəsilə davam etdirilə bilər.

Siyasi şərhçi qeyd edib ki, ikitərəfli bahalaşma prosesi gedir.

"Avropa ölkələri bununla ciddi şəkildə narahatdırlar. Çünki Avropa ölkələri üçün maliyyə və iqtisadi böhran, bahalaşma və eyni zamanda inflyasiya vəd edir. Bu baxımdan Tramp administrasiyası da böyük ehtimalla mövcud situasiyanı Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün fürsət hesab edir. Rusiya da istəyir ki, məhz indiki məqamda sanksiyalar yumşaldılsın və Rusiya enerji bazarındakı boşluğu doldursun, böyük gəlirlər əldə etsin və Ukrayna savaşının maliyyələşdirilməsi üçün əlavə maliyyə qaynaqları qazansın. Yəni Kremlin əsas hədəfi bundan ibarətdir. Tramp administrasiyası da böyük ehtimalla Avropa ölkələrinin düşdüyü durumdan faydalanaraq onların da Rusiyaya qarşı sanksiyaları yumşaltması üçün təzyiq göstərməyə çalışır. Böyük ehtimalla, ABŞ özünün tətbiq etdiyi sanksiyaları yumşaldacaq və buna paralel olaraq Avropa Birliyinin də sanksiyaları yumşaltmasına cəhd göstərəcək. Bütün bunları ümumiləşdirdikdə böyük ehtimalla Tramp və Putin hazırda hər iki tərəfin maraqlarına cavab verən bu məsələlərin həllini müzakirə etməyə çalışırlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az