"İranın edə biləcəyi əsas şey terrordur. Bu sahədə dırnaq arası desək, İran bacarıqlıdır, amma ABŞ ərazisində genişmiqyaslı terror əməliyyatları keçirməsi demək olar ki, mümkün deyil, çünki orada hər şey diqqətlə idarə olunur və nəzarət altındadır. İsrailə qarşı da İranın imkanları məhduddur. 2025-ci ilin 12 günlük müharibəsində də gördüyümüz kimi, İran faktiki olaraq İsrailə ciddi ziyan vura bilmədi. Sosial mediada yayılan “İsrail şəhərləri məhv edildi” kimi məlumatlar reallığı əks etdirmir. ABŞ-a isə İran heç bir təsir göstərə bilmir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, İranda mülki şəxslərin ölümü və yaşayış binalarına yönəlmiş hücumlara cavab olaraq, ABŞ və İsraildən qisas alınacağı açıqlanıb. Bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkarçi məlumat verib. O bildirib ki, ölkənin müxtəlif şəhərlərində baş verən hücumlar nəticəsində mülki əhalinin zərər görməsi və yaşayış binalarının hədəfə alınması cavabsız qalmayacaq. Şəkarçi vurğulayıb ki, İran bu hücumlara görə məsuliyyət daşıyan tərəflərə qarşı tədbirlər görəcək. “İran xalqına və mülki infrastruktura yönəlmiş hücumlar qarşısız qalmayacaq. ABŞ və İsrail bu addımlarına görə cavab alacaq və onlara ciddi zərbələr endiriləcək,” – deyə o qeyd edib. O həmçinin əlavə edib ki, regionda gərginliyi artıran bu hücumlar Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Buna baxmayaraq, İran öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini açıqlayıb.
Siyasi şərhçi qeyd edib ki, buna görə İranın qisas iddiaları sözdən o tərəfə keçə bilmir.
"Əgər gücləri olsaydı, ABŞ və İsrailə cavab vermələri mümkün olardı. Hazırkı şəraitdə İran, əslində, Azərbaycan və Türkiyə kimi ölkələrin vasitəsi ilə müharibənin dayandırılmasına nail olmalı və hərbi ritorikadan uzaq durmalıdır. Tehrandan göndərilən videolar göstərir ki, İranın liderlərinin təhlükəsizliyi belə sual altındadır. Bu durumda “qisas” barədə danışmaq real vəziyyətə uyğun deyil. Real yol İranın vasitəçilər tapıb prosesləri masa arxasına keçirməsidir. Bu işdə Azərbaycan Prezidenti, Türkiyə Prezidenti, Qazaxıstan və Özbəkistan prezidentləri vasitəçilik edə bilər. Lakin İranın Türkiyəyə raket atması və Azərbaycana dron hücumları göstərir ki, dövlət ağlı yox dərəcəsindədir. Beləliklə, İranın qisasla bağlı iddiaları sadəcə boş sözlərdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az