"Hazırda Ermənistanla Azərbaycan arasında sülhlə bağlı irəliləyişlər davam edir. Nadir hallardandır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi hələ imzalanmadan sülh faktiki olaraq artıq mövcuddur. Hazırda etimadın qurulması və onun möhkəmləndirilməsi istiqamətində işlər aparılır. 1991-ci ildən sonra ilk dəfə yük qatarının tranzitlə Azərbaycandan keçərək Ermənistana çatması regionda yeni iqtisadi və logistika imkanlarının yarana biləcəyini göstərir. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan üzərindən dəmir yolu yükdaşımalarının bərpasına görə Prezident İlham Əliyevə təşəkkür edib. Bundan əvvəl Naxçıvana dron hücumu zamanı Ermənistan da narahatlıq ifadə etmişdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, Cənubi Qafqazda uzun illər bağlı qalan nəqliyyat və kommunikasiya xətlərinin açılması regionun siyasi və iqtisadi gündəliyinə yeni dinamika gətirir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan üzərindən dəmir yolu yükdaşımalarının bərpasına görə Prezident İlham Əliyevə təşəkkür etməsi bu prosesin diqqət çəkən məqamlarından biri kimi qiymətləndirilir. 1991-ci ildən sonra ilk dəfə yük qatarının tranzitlə Azərbaycandan keçərək Ermənistana çatması regionda yeni iqtisadi və logistika imkanlarının yarana biləcəyini göstərir və kommunikasiya məsələlərinin daha praqmatik müstəvidə müzakirə olunduğunu nümayiş etdirir.
Deputat qeyd edib ki, sülhün yalnız sənədlərdə qalmadığını, əməli addımların da atıldığını görürük.
"Bu isə regional sabitliyə və təhlükəsizliyə xidmət etməklə yanaşı, region əhalisinin rifahı naminə yeni layihələrin icrasına da xidmət edir. Zəngəzur dəhlizi layihəsi Asiyadan Avropaya uzanan coğrafiyada bütün ölkələrin faydalanacağı beynəlxalq nəqliyyat marşrutudur. Hazırda Azərbaycan Avrasiyanın enerji və nəqliyyat mərkəzinə çevrilib. Biz coğrafi yerləşməni strateji imkanlara çevirmişik. Bu isə dünyada böyük güclərin, həmçinin investorların diqqətini cəlb edir. Türkiyə də Qara dəniz, Aralıq dənizi və ümumilikdə Avropaya giriş qapısı kimi bu bağlantı layihələrindən faydalanan ölkə olacaq. Avropa İttifaqının qiymətləndirməsinə görə, Zəngəzurdan keçəcək dəmir yolu xətti Bakı–Tbilisi–Qars xəttindən ən azı 25% daha sürətli olacaq. Burada həmçinin karqonun fasiləsiz keçidinin təmin olunması üçün rəqəmsal sistemlər tətbiq ediləcək və proses bir pəncərə prinsipi ilə fəaliyyət göstərəcək. Ümumən, qarşılıqlı iqtisadi fayda verən layihələr iki ölkə arasında etimadın artmasına xidmət edir. Nikol Paşinyanın Avropa Parlamentində yerli televiziya kanallarına mətbuat konfransında “Ermənistan Respublikasının vətəndaşları artıq əldə olunmuş sülhü qorumağa və onu daha da möhkəmləndirməyə çalışmalıdır” deməsi öz əhalisinə ünvanlanmış mesaj idi. Həmçinin o, çıxışı zamanı Qarabağdan köçən ermənilərin geri qayıtmağa ümidlənməməli olduqlarını və Ermənistan daxilində dövlət tərəfindən evlərlə təmin ediləcəklərini bildirdi. Bütün bunlar əhaliyə sülhə hazır olmaq, sülh istəyirlərsə Paşinyana səs vermələri və daha sonra sazişin imzalanması üçün zəruri olan konstitusiya dəyişikliyi üzrə referendumda lehinə səs vermələri ilə bağlı mesajlar idi".
Rəfiqə Namazəliyeva,
AzNews.az