İlham Əliyev: “Bu, sağlam bir yarışdır“

19 Sentyabr 2013 07:52 (UTC+04:00)



Bunu prezident İlham Əliyev sentyabrın 18-də Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında qəsəbə sakinləri ilə görüşündə deyib. İ. Əliyev bildirib ki, bu gün Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır: "Bunu əlbəttə ki, ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də görür. Çünki son illər ərzində Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ikinci ölkə yoxdur. Bu iqtisadi inkişaf sadəcə olaraq statistik rəqəmlərlə deyil, görülən işlərlə də ölçülür. Qubanın, Qırmızı qəsəbənin inkişafı göz qabağındadır. Hər rayonda, hər bölgədə quruculuq, inkişaf işləri gedir. Deyə bilərəm ki, rayonlar bir-biriləri ilə rəqabətə çıxır. Rayon sakinləri istəyirlər ki, onların rayonları, şəhərləri, qəsəbələri daha da gözəl, abad olsun. Yəni, bu, sağlam bir yarışdır. Bu yarışın nəticəsində Azərbaycan güclənir, inkişaf edir, möhkəmlənir və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ümumi inkişafa öz töhfələrini verirlər.

Dağ yəhudiləri də öz işi, əməyi, Vətənə olan sədaqəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində çox böyük işlər görmüşlər. Həm burada, həm başqa ölkələrdə yaşayan, amma qəsəbə ilə əlaqəni qırmayan vətəndaşlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər. Mən hər dəfə Qubada olarkən çalışıram ki, buraya da gəlim, vətəndaşlarla görüşüm. Çalışıram ki, biz burada çatışmayan işləri düzəldək. Bu gün biz Qubanın içməli su layihəsini də açdıq, o cümlədən buraya 24 saat təmiz dağ çayının suyu veriləcəkdir. Qazlaşdırma da gedir, kənd yolları da tikilir, ümumiyyətlə, burada gözəl işlər görülür. Mən görürəm ki, qəsəbənin sakinləri necə böyük sevgi ilə, məhəbbətlə, zövqlə öz qəsəbələrini abadlaşdırırlar. Bu gözəl binalar inkişafın təzahürüdür. Bu qəsəbədən olan vətəndaşlar indi müxtəlif ölkələrdə yaşayırlar, qəsəbəni unutmurlar, gəlirlər belə gözəl yerlər yaradırlar.

Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Dağ yəhudiləri burada əsrlər boyu yaşayırlar və Azərbaycanın üstünlüyü, o cümlədən bax, bu birlikdədir. Bilirsiniz ki, indi Azərbaycanda vaxtaşırı mötəbər beynəlxalq tədbirlər keçirilir. Humanitar forumlar, sivilizasiyalararası dialoq forumları, dünya dinlərinin nümayəndələrinin, rəhbərlərinin zirvə görüşləri. Hamı, necə deyərlər, bir fikirdədir ki, Azərbaycanda bu sahədə olan işlər ən yüksək zirvədədir. Mən isə həmişə deyirəm ki, bu, bizim həyat tərzimizdir. Əlbəttə, dövlət siyasəti də vardır və məqsədyönlü şəkildə aparılır. Amma, eyni zamanda, cəmiyyətdə də bax, bu əhval-ruhiyyə yaşanır. Bir-birinə, bir-birinin adət-ənənələrinə, dininə, yaşayış tərzinə hörmət xalqımızı, millətimizi, dövlətimizi gücləndirir. Ona görə, mən hər dəfə burada olarkən görürəm ki, işlər yaxşı gedir".


AzNews.az