“Ermənistanda seçkilər region üçün diqqətlə izlənilən prosesdir” – Mübariz Göyüşlü

12 Mart 2026 19:40 (UTC+04:00)

"Hesab edirəm ki, seçki prosesi ümumiyyətlə təkcə Ermənistanda deyil, dünyanın bir çox ölkəsində gərgin ab-hava ilə müşayiət olunur. Seçkilər mahiyyət etibarilə yarış və hakimiyyət uğrunda mübarizədir. Burada həm hakimiyyəti əldə etmək, həm də onu itirməmək məsələsi var. Buna görə də seçki dövründə müəyyən gərginliyin müşahidə olunması təbii sayılır. Bəzi hallarda seçki prosesi təkcə həmin ölkə daxilində deyil, bütövlükdə region üçün də gərgin situasiyalar yarada bilər. Lakin düşünmürəm və inanmaq istəmirəm ki, Ermənistanda keçiriləcək seçkilər və onların nəticələri – nəticənin necə olmasından asılı olmayaraq – regiondakı vəziyyəti gərginləşdirsin və ya Azərbaycan–Ermənistan münasibətlərini yenidən gərgin müstəviyə çıxarsın".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Xatırladaq ki, Ermənistanda keçirilən seçkilər təkcə ölkə daxilində baş verən siyasi proses kimi deyil, həm də region və beynəlxalq siyasət baxımından diqqətlə izlənilən hadisələrdəndir. Cənubi Qafqazda son illərdə baş verən dəyişikliklər, xüsusilə Azərbaycanla aparılan sülh danışıqları və Vaşinqton sammiti regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Bu səbəbdən seçkilərin nəticələri Ermənistanın xarici siyasət kursuna, eləcə də Rusiya və Qərb ölkələri ilə münasibətlərinin gələcək istiqamətinə təsir göstərə bilər.

Siyasi şərhçi qeyd edib ki, nəzəri olaraq Rusiyaya daha çox meyilli və radikal əhval-ruhiyyəli qüvvələrin müəyyən üstünlük qazanması ehtimalı mövcuddur.

"Hətta o dərəcədə üstünlük əldə edə bilərlər ki, hakimiyyəti formalaşdırmaq imkanına sahib olsunlar və əsas siyasi gücü öz əllərində cəmləsinlər. Belə bir halda Ermənistanı Azərbaycanla yeni bir gərginlik mərhələsinə və ya siyasi avantüraya sürükləmək cəhdləri də ola bilər. Lakin hesab edirəm ki, bu ehtimal kifayət qədər aşağıdır. Bunun əsas səbəblərindən biri hazırkı Baş nazir Nikol Paşinyanın seçkilərdə qalib gəlmə şansının nisbətən yüksək qiymətləndirilməsidir. Digər tərəfdən, hətta radikal qüvvələr müəyyən üstünlük qazansalar belə, onların Azərbaycanla yeni münaqişə və ya hərbi avantüraya imza atacaqlarına inanmıram. Çünki Ermənistanın bu gün belə bir addım atmaq üçün nə siyasi, nə də hərbi potensialı var. Ermənistan artıq anlayır ki, Azərbaycanla hərbi qarşıdurma meydanında ciddi nəticə əldə etmək imkanları yoxdur. Xarici amillərə gəldikdə isə, Ermənistanın müxtəlif geosiyasi mərkəzlər arasında manevr etməyə meyilli ölkə olduğu məlumdur. Hazırda ölkə müəyyən mənada Rusiyadan uzaqlaşıb Avropa İttifaqına doğru istiqamətlənmək cəhdləri göstərir. Təbii ki, bu proses Rusiyanın maraqlarına uyğun deyil və Moskva buna cavab tədbirləri görməyə çalışır. Bu tədbirlərin nə dərəcədə effektiv olacağı isə hələlik açıq sual olaraq qalır. Hazırkı mərhələdə müşahidə olunur ki, Ermənistanda Rusiyanın maraqlarına müəyyən zərbələr dəyir və Moskvanın təsir imkanları tədricən zəifləyir. Perspektivdə əsas suallardan biri isə budur: Avropa İttifaqı Ermənistanı nə dərəcədə dəstəkləyə və qoruya biləcək? Qərb yönümlü siyasi kursun Ermənistanda üstün mövqedə qalmasına real dəstək verə biləcəkmi? Və ən əsası, Ermənistanı Rusiyanın təsirindən nə dərəcədə uzaq saxlamaq mümkün olacaq? Bu sualların cavabı yaxın illərdə regiondakı geosiyasi proseslərin inkişafından asılı olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az