İsrailin baş naziri: İsrail İran rejimini əzib, Hizbullah isə ağır bədəl ödəyəcək
İsrailin Baş naziri Benjamin Netanyahu İranla müharibənin başlamasından 13 gün sonra ilk mətbuat konfransını keçirib və sərt açıqlamalar verib.
Zoom vasitəsilə israilli jurnalistlərə müraciət edən Netanyahu bildirib ki, İsrail hazırda İran rejimini və onun bölgədəki müttəfiqlərini hədəf alır. Onun sözlərinə görə, İsrail ordusu İran rejiminə və onun proksilərinə qarşı ciddi zərbələr endirir.
Baş nazir qeyd edib ki, İsrailin məqsədi İranın hərbi potensialını ciddi şəkildə zəiflətməkdir:
“Bizim məqsədimiz İranın nüvə və raket proqramlarına ölümcül zərbə vurmaq, eyni zamanda İran xalqının rejimi devirməsi üçün optimal şərait yaratmaqdır. Bu o demək deyil ki, biz bunu təmin edə bilərik. Biz yalnız şərait yarada bilərik, qalanı İran xalqının üzərinə düşür.”
Netanyahu əlavə edib ki, İsrail İranın regiondakı əsas müttəfiqlərindən biri olan Hizbullaha qarşı da əməliyyatları davam etdirir. Onun sözlərinə görə, Livanda fəaliyyət göstərən bu təşkilat artıq İsrailin hərbi gücünü hiss edir və daha ağır nəticələrlə üzləşəcək.
Baş nazir xəbərdarlıq edərək bildirib: “Hizbullah bizim gücümüzü hiss edir və bunu daha da çox hiss edəcək. Təcavüzlərinə görə çox ağır bədəl ödəyəcəklər.”
İranın yeni dini lideri Müctəba Xəmneyi haqqında danışan Netanyahu deyib:
“Köhnə tiranı aradan qaldırdıq. Yeni tiran isə - İnqilab Keşikçilərinin kuklası olan şəxs – xalqın qarşısına belə çıxa bilmir.”
Netanyahu həm Müctəba Xamenei, həm də Naim Qassem barədə üstüörtülü təhdid səsləndirərək bildirib:
“Əgər mən sığorta agenti olsaydım, bu iki şəxs üçün həyat sığortası tərtib etməzdim.”
Netanyahu həmçinin İsrail və ABŞ arasında müharibə dövründə formalaşan əməkdaşlığın nəticələrinə də toxunub. O bildirib ki, iki ölkə arasında görünməmiş səviyyədə koordinasiya mövcuddur və bu, regiondakı qüvvələr balansını dəyişir.
“İsrail və ABŞ arasında görünməmiş birləşmə sayəsində böyük nailiyyətlər əldə etmişik. Bu uğurlar Yaxın Şərqdə və hətta ondan kənarda qüvvələr balansını dəyişir,” – deyə Netanyahu vurğulayıb.
İsrailin Baş naziri əlavə edib ki, əməliyyatların detalları açıqlanmayacaq və müharibənin gedişində yeni “sürprizlər” ola bilər. Onun sözlərinə görə, İsrail hazırda sahədə gözlədiyindən daha güclü mövqedədir və bütün hədəflərinə çatmağı planlaşdırır.
AzNews.az