ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığına bağlı 5-ci Donanma USS Gerald R. Ford (CVN-78) aviadaşıyıcısında baş verən yanğınla bağlı açıqlama yayıb.
Donanmanın sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib ki, gəminin əsas camaşırxana bölməsində yanğın baş verib və hadisə texniki nasazlıq səbəbindən yaranıb.
“Döyüşlə əlaqəli deyil”
Açıqlamada yanğının hər hansı hücum və ya hərbi qarşıdurma ilə əlaqəsinin olmadığı vurğulanıb.
“Gəminin əsas camaşırxanalarından birində yanğın baş verib. Yanğın döyüş əməliyyatları ilə əlaqəli deyil və qısa müddətdə nəzarət altına alınıb”, — deyə bildirilib.
Rəsmilər nasazlığın aviadaşıyıcının hərəkət sisteminə zərər vermədiyini və gəminin missiyasını tam gücü ilə davam etdirdiyini açıqlayıb.
2 hərbçi yaralanıb
Hadisə zamanı iki hərbçinin həyati təhlükə yaratmayan xəsarətlər aldığı bildirilib. Onların tibbi yardım aldığı və vəziyyətlərinin stabil olduğu qeyd olunub.
ABŞ donanmasının ən yeni aviadaşıyıcılarından biri olan USS Gerald R. Fordun ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hücumlardan sonra bölgədə aparılan əməliyyatlara dəstək məqsədilə Qırmızı dənizdə yerləşdirildiyi bildirilir.