Hafiz Hacıyev namizədliyini geri götürür

19 Sentyabr 2013 08:12 (UTC+04:00)
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev prezidentliyə namizədiyini geri götürəcək. Bu barədə Modern.az saytına H.Hacıyevin rəhbəri olduğu partiyadan məlumat daxil olub. MMP sədrinin seçki marafonunu dayandırmasına səbəb olaraq partiyanın maliyyə sıxıntılarının olması göstərilib.

Məlumatı dəqiqləşdirmək üçün Hafiz Hacıyevlə əlaqə saxladıq. Partiya sədri modern.az saytın açıqlamasında xəbəri təkzib etməyib.

O, maddi çətinliklərlə əlaqədar bu addımı atmağa məcbur olduqlarını bildirib.

"Maliyyə sıxıntılarımız var. Seçki təbliğat-təşviqat kampaniyası başlasa da rayonlarda görüşlər keçirə bilmirik. Piar kampaniyamızı maliyyə olmadığı üçün təşkil edə bilmirik. İstədiyimiz kimi işləyə bilmirik. KİV-də məlumatlarımızı işıqlandırma bilmirik. Partiyanın bir qrup üzvü hesab edir ki, biz 3-cü dəfə qatıldığımız seçkidə qalib gələ bilməyəcəyiksə, rayonlara gedə bilmiriksə, adi şəkillərimizi çıxarıb reklam yerlərində vura bilmiriksə bu barədə son qərar vermək lazımdır. Sabah Partiyanın Siyasi Şurası toplanacaq seçki marafonun dayandırıb-dayandırmadığımız barədə son qərarını açıqlayacaq".

MMP sədri namizədliyini kimin xeyrinə geri götürəcəyi barədə sualımıza cavabında bu barədə hələlik heç nə deyə bilməyəcəyini deyib.

AzNews.az