Mövcud geosiyasi şərait nəzərə alınaraq, müdafiə qabiliyyətinin artırılmasına ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Aznews.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib.
Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb: “Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılmışdır (2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çox). Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir”.