​"Yaxın perspektivdə İranda hakimiyyət dəyişikliyi real deyil" - Oqtay Qasımov

13 Mart 2026 19:08 (UTC+04:00)

"İsrail və ABŞ bu əməliyyatlar başlananda ilk mərhələdə əsas hədəf kimi İranda rejim dəyişikliyini nəzərdə tutmuş olsaydı belə, artıq görünür ki, bu plan işləmir. Rejim əvvəlki etiraz aksiyalarından sonrakı dövrdə də öz monolitliyini qoruyub saxlayıb və ölkəyə, xüsusilə də təhlükəsizlik sferasına tam nəzarət edə bilir. Adətən bu cür rejimlərin daxildən dəyişməsi üçün əsas şərtlərdən biri hakimiyyət daxilində — yəni siyasi və hərbi elita arasında parçalanmanın, fikir ayrılıqlarının və ziddiyyətlərin yaranmasıdır. Belə bir vəziyyət formalaşarsa, rejimi daxildən dəyişmək mümkün ola bilər. Lakin hazırda belə bir reallıq müşahidə olunmur. Digər tərəfdən, İranın özündə də real alternativ siyasi qüvvələr mövcud deyil. Siyasi qüvvələrdən danışsaq, onlar təşkilatlanmış formada fəaliyyət göstərmirlər. Halbuki əhali yoxsulluqdan, inflyasiyadan, sosial vəziyyətin ağırlığından, ekoloji problemlərdən, enerji və su çatışmazlığından narazıdır və etiraz edir. Ancaq bu narazılığı istiqamətləndirəcək konkret təşkilat və ya güclü siyasi qüvvə yoxdur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İranda hakimiyyətin dəyişməsi İsrailin hərbi müdaxiləsi ilə deyil, yalnız İran xalqının özü tərəfindən mümkündür. Onun sözlərinə görə, ölkədə narazılıq olsa da, iranlıların xarici dəstək olmadan mövcud sistemi devirməsi çətindir. Reuters-in yaydığı məlumata görə, ABŞ kəşfiyyatının hesabatlarında da İranda rejimin yaxın zamanda devriləcəyi ilə bağlı ciddi gözlənti olmadığı qeyd olunur. ABŞ kəşfiyyatı hesab edir ki, İran kimi mürəkkəb siyasi sistemə malik ölkədə rejim dəyişikliyi qısa müddətdə baş verəcək proses deyil.

Siyasi şərhçi bildirib ki, buna xarici müdaxilə yolu ilə nail olmaq real görünmür.

"Çünki bir çox Şərq cəmiyyətləri kimi, İran cəmiyyəti də xarici müdaxilə təhlükəsi qarşısında hakimiyyətin formasından asılı olmayaraq dövlət ətrafında birləşə bilir. Bunu İranın timsalında da görmək mümkündür. Həm əvvəlki 12 günlük müharibə zamanı, həm də indiki qarşıdurmada hətta rejimə müxalif olan bəzi qüvvələr belə ölkənin müdafiəsi naminə hakimiyyəti dəstəklədilər. Bu baxımdan hesab edirəm ki, yaxın perspektivdə İranda rejim dəyişikliyi real görünmür. Qərb kəşfiyyat strukturlarının təhlilləri də bu ehtimalın aşağı olduğunu göstərir. Əksinə, baş verən müharibə İran daxilində rejimin mövqelərini müəyyən qədər daha da möhkəmləndirdi və cəmiyyətin bir hissəsini onun ətrafında toparladı. Doğrudur, ölkə daxilində narazılıqlar və ziddiyyətlər qalır. Lakin müharibənin yaratdığı psixoloji və siyasi “inersiya” bir müddət bu prosesin davam etməsinə səbəb olacaq. Rejim də bundan istifadə edərək hakimiyyətinin ömrünü uzatmağa çalışacaq. Müharibə bu şərtlərlə bitsə belə, düşünürəm ki, İran həm daxildə nəzarəti və təzyiqi artıra bilər, həm də regionda daha fəal və sərt siyasət yürütməyə başlayar. Xüsusilə Körfəz ölkələrinə qarşı təzyiqin artması ehtimalı var. İran özünü bölgənin əsas gücü kimi təqdim etməyə çalışaraq daha aqressiv siyasi xətt seçə bilər. Rejim dəyişikliyi məsələsinə gəldikdə isə, ABŞ və İsrailin bundan sonra hansı addımlar atacağı sual altındadır. Görünür ki, hər iki tərəf əməliyyatların gözlənilən nəticəni vermədiyini artıq anlayır. Bu səbəbdən yaxın mərhələdə hakimiyyət dəyişikliyinə yönəlmiş konkret planın həyata keçirilməsi real görünmür. Hazırda ABŞ üçün əsas məqsəd əməliyyatları müəyyən formada dayandırmaq, münaqişəni dondurmaq və prosesi nəzarət altına almaq ola bilər. Lakin İranın bu qarşıdurmadan geri çəkilməsi də o qədər real görünmür. Dünən İranın ali dini liderinin müraciətində səslənən mesajlar da bunu göstərir. Əksinə, Tehran gələcəkdə Körfəz ölkələrinə təzyiqi artıraraq onların ərazilərində yerləşən ABŞ hərbi bazalarının çıxarılmasını tələb edə bilər. Bu isə region ölkələrində artıq müəyyən narahatlıqlar yaradıb. Böyük ehtimalla Körfəz dövlətləri yaxın dövrdə təhlükəsizlik strategiyalarına yenidən baxmalı olacaqlar. Çünki bir tərəfdən İranın mümkün təzyiqləri, digər tərəfdən isə ABŞ-la hərbi əməkdaşlıq məsələsi bu ölkələr üçün həssas və balans tələb edən mövzu olaraq qalır. Bu baxımdan, səsləndirilən bəyanatlara diqqət yetirdikdə görünür ki, qarşıya qoyulan hədəflərin yalnız müəyyən hissəsinə nail olunub. Lakin əsas məqsəd hesab edilən rejim dəyişikliyi reallaşmayıb. Ona görə də yaxın dövrdə bu istiqamətdə ciddi və köklü plan dəyişikliklərinin olacağını düşünmək çətindir. Belə görünür ki, hazırkı mərhələdə tərəflər daha çox münaqişənin miqyasının genişlənməsinin qarşısını almağa və regionda vəziyyəti müəyyən çərçivədə saxlamağa çalışacaqlar. Bununla belə, İranın regiondakı təsir imkanlarını qorumaq və gücləndirmək cəhdləri davam edə bilər ki, bu da Yaxın Şərqdə geosiyasi rəqabətin hələ uzun müddət gündəmdə qalacağını göstərir".

Rəfiqə Namazəliyeva,

AzNews.az