ABŞ-İsrail və İran arasındakı müharibə davam edərkən, İsrail ilə Livan arasındakı döyüşlər də şiddətlənir.
Beyruta havadan bildirişlər buraxıldı
Günlərdir hücumlarla hədəf aldığı Beyruta İsrail ordusu havadan xəbərdarlıq vərəqələri atıb. Sosial mediada paylaşılan məlumatlara görə, həmin vərəqələrdə bu ifadələr yer alıb:
"Livan sizin qərarınızdır, başqasının deyil. Sabitlik sözdə qalmamalıdır, bu, bütün livanlıların haqqıdır. Torpaq sizindir, onu İranın Hizbullahının mülkünə çevirməyin."
İsrail ordusunun atdığı bildirişlərdə, həmçinin xalqa "Hizbullah"a və onun silahlarına qarşı çıxmaları üçün çağırış edilib.
Sirenlər işə düşdü
İsrail ordusundan martın 2-də verilən açıqlamada, Livandan raket atıldığının müəyyən edilməsindən sonra ölkənin şimalında həyəcan siqnallarının (sirenlərin) işə düşdüyü bildirilmişdi.
Daha sonra Livan boyu hava hücumlarına başladığını elan edən və paytaxt Beyrutu hədəf alan İsrail ordusu, havadan və dənizdən intensiv zərbələr endirdiyi Livanda quru işğalını genişləndirmək qərarı alıb.
Can itkiləri artır
Livan Səhiyyə Nazirliyi martın 12-də yaydığı məlumatda, İsrailin 2 martdan bəri Livana təşkil etdiyi hücumlarda 687 nəfərin həyatını itirdiyini, 1774 nəfərin isə yaralandığını bildirib.
Mövsüm,
AzNews.az