​"Buraxılış imtahanı obyektiv olmalıdır, çətin yox" - Ramin Nurəliyev

13 Mart 2026 21:59 (UTC+04:00)

"Martın 9-da keçirilən buraxılış imtahanı, xüsusilə çətinlik səviyyəsinə görə ictimaiyyətin diqqətini çəkdi. İmtahandan çıxan abituriyentlərin göz yaşları, müəllimlərin narahatlığı və valideynlərin etirazları imtahanın əslində çətin olduğunu göstərdi. Ümumilikdə imtahanın çətinliyinin səbəbləri müxtəlifdir. Dövlət İmtahan Mərkəzinin sualları hazırlayan ekspertləri və müəllimlər bəzi hallarda sualları öz metod və anlayışlarına uyğun tərtib edirlər. Onların düşüncəsinə görə, proqram çərçivəsində hazırlanan suallarda problem yoxdur. Lakin proqram daxilində hazırlanmış suallar da çətin, vaxt aparan və ağırlıq səviyyəsi yüksək ola bilər. Müəllimlər, abituriyentlər, valideynlər və təhsil ekspertləri bununla bağlı narazılıq bildirir, lakin Dövlət İmtahan Mərkəzi bunu problem hesab etmir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi martın 9-da 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Ötən gün isə test tapşırıqlarının izahı və düzgün cavablar açıqlanıb. Universitetə hazırlaşan şagirdlərin sayı artmasına baxmayaraq, imtahan nəticələrində geriləmə müşahidə olunur. Məktəblərdə təhsilin keyfiyyətinin aşağı olması valideynləri övladlarını repetitor yanına yönəltməyə məcbur edir. Buna baxmayaraq, abituriyentlərin böyük əksəriyyəti imtahan suallarının çətin olduğunu bildirir.

Ekspert qeyd edib ki, bu vəziyyət ölkənin təhsil sistemində ciddi narahatlıqlar doğurur.

"Keçid balarında müəyyən azalmaların baş verəcəyi ehtimal olunur. Məsələn, 2024-cü ildə 55, 2025-ci ildə 45 abituriyent maksimal 300 bal toplasa da, bu il bu rəqəmlərin azalacağı gözlənilir. Bu, təbii ki, müsabiqə nəticələrinə təsir göstərəcək. Repetitor yanına gedən şagirdlərin nəticələri müəyyən olsa da, bu imkanlardan məhrum olan və ya regionlarda, ucqar kəndlərdə təhsil alan şagirdlərin vəziyyəti daha çətindir. İmtahan sualları bütün ölkə üzrə, o cümlədən ucqar yerlərdə və maddi imkanı məhdud şagirdləri nəzərə alaraq tərtib olunmalıdır. Buraxılış imtahanı həm universitetlər, həm kolleclər, həm də ixtisas qruplarının qəbulunu tənzimləyir. Buna görə də, imtahanın əsas məqsədi şagirdlərin biliyini ölçməkdir və çətinliyi arzu olunan səviyyədə olmalıdır. Blok imtahanlarında isə fənn və qruplara uyğun olaraq müəyyən çətinlik səviyyəsi tətbiq oluna bilər, lakin buraxılış imtahanında məqsəd abituriyentləri çaşdırmaq deyil, onların biliyini obyektiv qiymətləndirməkdir. Ümumilikdə, növbəti imtahanlarda Dövlət İmtahan Mərkəzinin sualları sadələşdirməsi və imtahan prosesini daha ədalətli və ölçülən səviyyədə keçirməsi vacibdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az