İran savaşı finala doğru gedir. Hərçənd ABŞ və İsrailin Tehrandakı teokratik rejimin bazalarına endirdiyi çoxsaylı zərbələr kulminasiya yaratmayıb. Savaşın kulminasiyası Tehranın nüvə silahı yaratmaq üçün zənginləşdirdiyi uranı ABŞ-a təhvil verməsi, yaxud ABŞ-ın xüsusi əməliyyat keçirərək həmin təsisatları fiziki nəzarətə götürməsi olacaq.
Cari döyüş xəbərləri müharibənin artıq formal təzahürləridir. ABŞ və İsrail İranın hərbi qüdrətinə hər gün daha şiddətli və sarsıdıcı zərbələr endirir, İran isə qarşı tərəfə heç bir ciddi zərər verə bilmədiyi halda, qonşu dövlətlərə ballistik raketlər atır, Təl-Əvivdə həyacan siqnalları çaldırır. İranın bu savaşda əldə etdiyi heç bir hərbi uğur yoxdur. İsrailin "Dəmir qübbəsi"nin dəlinməsi barədə xəbərlər heç də 100 % yarılmaz olmayan həmin hava hücumundan müdafiə sistemi ilə bağlı ucuz manipulyasiyadan uzağa getmir.
Müasir müharibələrin təcrübəsi göstərir ki, hava üstünlüyünü itirən tərəfin strateji təşəbbüsü geri qaytarması mümkünsüzdür. Son zərbələr nəticəsində İranın hava hücumundan müdafiə sistemlərinin və hərbi aerodromlarının əsas hissəsi sıradan çıxarılıb. Bu isə ölkənin hava məkanında balansın kökükndən dəyişməsinə və hücum edən tərəfin manevr imkanlarının genişlənməsinə gətirib çıxarıb. Hazırda İran öz təyyarələrindən öz hava məkanında istifadə edə bilməyəcək qədər acınacaqlı vəziyyətdədir. Süni İntellektlə hazırlanmış videolarla, saxta xəbərlər və hədələrlə bu vəziyyətdən çıxmaq imkansızdır.
İranın İsrailə və körfəz dövlətlərinə raket hücumları da iflasa uğrayıb. İran hay-küylə ABŞ bazalarına və İsrailə raket atəşləyir, amma bir neçə dəqiqə sonra məlum olur ki, mütləq əksəriyyəti hədəfə çatmadan məhv edilib. Nəticədə, İranın raket potensialı zəifləyir. Eyni zamanda, ABŞ və İsrail öz zərbələrini İranın raket anbarlarına, buraxılış qurğularına və hərbi sənaye infrastrukturlarına yönəldilir. Məqsəd İranın uzaq məsafədən zərbə imkanlarını minimuma endirməkdir.
Odur ki, bu gündən başlayaraq eskalasiyanın inkişafında iki əsas ssenarinin ipucları üzə çıxır.
Mövcud dinamika göstərir ki, İran rəhbərliyi getdikcə daha dar seçim qarşısında qalır. Onun birinci seçimi tam təslim olmaqdır. Bunun üçün ABŞ prezidenti Donald Trampa diplomatik kanallarla mesaj göndərilə, kapitulyasiya aktı hazırlana və müəyyən təhlükəsizlik təminatları qarşısında rejim özünü buraxa bilər.
İkinci mümkün variant Tehrandakı molla rejiminə artan hərbi və siyasi təzyiq fonunda silahlı üsyanla hakimiyyətin ələ keçirilməsidir. Hərbi əməliyyatların guya İran xalqını konsolidasiya etdiyi, hakim elitada mütəşəkillik yaratması barədə irəli sürülən iddialar cəfəngiyyatdır. Hazırda SEPAH-ın İran hakimiyyətini qəsb etmiş qrupunun təzyiqləri altında "nümayiş etdirilən birlik" heç bir siyasi və sosioloji reallığı əks etdirmir.
O cümlədən əsarətdə olan İran xalqlarının hələ ki meydanlara çıxmamasının səbəbi repressiyalardan yayınmaq taktikasıdır. Odur ki, İranda milli proseslər yeni Konstitusiyanın qəbul edilməsi gündəmə gəldikdən sonra intesivləşəcək. Güney Azərbaycanın tarixindəki məşrutə hərəkatları və demokratik hədəflər uğrunda mübarizə təcrübəsi məhz bu müddətdə misilsiz resursa çevriləcək. Güney Azərbaycan xalqının öz milli müqəddaratını təyin etmək haqqı var və Azərbaycan Respublikasının dostu, qardaşı, müttəfiqi, düşməni olmasına baxmayaraq heç bir dövlət, xarici təşkilat və ideoloji mərkəz bu haqqı dana bilməz.
İran savaşının Tehran rejiminin əsarətində olan Güney Azərbaycandakı soydaşlarımıza tarixi fürsət yaratması reallıqdır. Onlar bu fürsətdən necə istifadə edəcək? Nikbinliyimizi qoruyaraq sualın cavabını yaxın zamana buraxaq. Azərbaycanda anti-İsrail, anti-ABŞ ovqatı yaratmaq cəhdləri məhz bu reallığa qarşı tərtib olunur. Əlbəttə, uzaqbaşı martın sonuna qədər İran klerikal hakimiyyətdən xilas olacaq kimi görünür və bununla da Tehranın xarici ölkələrdə formalaşdırdığı proksi qüvvələr, təzyiq qrupları əsas himayədarını itirərək tədricən sıradan çıxacaqlar.
Bütün hallarda, İran rejiminin zəifləməsi və sıradan çıxması təkcə bu ölkənin daxili siyasi sisteminin dəyişməsi demək deyil. Bu, eyni zamanda Yaxın Şərqdə son 40 ildə qurulmuş geosiyasi balansın da dağılması anlamına gəlir. Yeni düzən Azərbaycan da tamamilə fərqli strateji imkanlar əldə edir və Cənubi Qafqazın lider dövlətindən Yaxın Şərqin oyunqurucu orta gücünə çevrilir.
Taleh ŞAHSUVARLI