Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən ümumxalq referendumunda səsvermənin ilk üç saatı ərzində seçici fəallığı 19,21 faiz təşkil edib.
Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Referendum Komissiyası məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 10:00-a olan ilkin nəticələrə əsasən seçici siyahılarına daxil edilmiş vətəndaşların 19,21 faizi artıq səsvermədə iştirak edib.
Mərkəzi Referendum Komissiyasının üzvü Lyazzat Suindik brifinqdə bildirib ki, saat 10:00-a qədər 2 milyon 393 min 844 nəfər seçki bülletenini alaraq səsvermədə iştirak edib.
Qeyd edilib ki, ümumilikdə ölkə üzrə 12 milyon 461 min 796 vətəndaş referendumda səsvermə hüququna malikdir.
Komissiya növbəti seçici fəallığı barədə məlumatın yerli vaxtla saat 12:00-da açıqlanacağını bildirib.
Xatırladaq ki, martın 15-də Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumu başlayıb.
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev fevralın 11-də imzaladığı fərmanla referendumun martın 15-də keçirilməsini təyin edib.
Konstitusiya islahatlarının başlanğıcı Tokayevin 2025-ci il sentyabrın 8-də xalqa illik müraciəti zamanı Qazaxıstanda birpalatalı parlament yaradılması təşəbbüsü ilə qoyulub. Bu təşəbbüs ölkədə dövlət idarəetmə sisteminin modernləşdirilməsi məqsədilə irəli sürülən konstitusiya dəyişikliklərinin əsasını təşkil edir.