Yeni Konstitusiya Qazaxıstanda siyasi sistemin transformasiyasına yönəlib

15 Mart 2026 16:17 (UTC+04:00)

Qazaxıstanda yeni Konstitusiyanın qəbul olunması ilə bağlı keçirilən referendum ölkənin siyasi sisteminin köklü şəkildə transformasiyasına yönəlmiş mühüm siyasi prosesdir.

Bunu APA-nın Astanaya ezam olunmuş əməkdaşına açıqlamasında qazax politoloq, siyasi elmlər doktoru Talqat Kaliyev deyib.

Talqat Kaliyev bildirib ki, təklif olunan konstitusiya islahatları son 35 ildə formalaşmış siyasi modelin yenidən nəzərdən keçirilməsini və dövlət ilə cəmiyyət arasındakı münasibətlərin yeni siyasi və institusional prinsiplər əsasında qurulmasını nəzərdə tutur: “Müstəqillik dövründə ölkədə müxtəlif siyasi tendensiyalar və idarəetmə mexanizmləri formalaşıb, onların bir qismi yeni siyasi reallıqlar nəticəsində yaranıb, digərləri isə zamanla sabit siyasi institutlara çevrilib. Onun fikrincə, hazırda müzakirə olunan konstitusiya dəyişiklikləri hakimiyyət sisteminin memarlığının yenidən qurulmasına və dövlətlə cəmiyyət arasındakı siyasi müqavilənin yeni çərçivədə müəyyənləşdirilməsinə yönəlib”.

Talqat Kaliyev qeyd edib ki, yeni Konstitusiya layihəsində insan hüquq və azadlıqlarının müdafiəsi daha geniş və sistemli yanaşma ilə təqdim olunur. Onun sözlərinə görə, xüsusilə rəqəmsal məkanda hüquqların qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi kimi məsələlər müasir dövrün əsas çağırışları kimi sənəddə xüsusi yer tutur.

Politoloq əlavə edib ki, əvvəlki mərhələlərdə söz azadlığı və vətəndaş hüquqları ilə bağlı müzakirələr daha çox humanitar və fəlsəfi müstəvidə aparılırdı. Lakin rəqəmsal texnologiyaların sürətli inkişafı və informasiya mühitinin genişlənməsi bu sahədə yeni hüquqi və siyasi yanaşmaların formalaşdırılmasını zəruri edir.

Talqat Kaliyev hesab edir ki, konstitusiya islahatları cəmiyyətdə geniş rezonans doğurub və ölkədə aktiv ictimai-siyasi müzakirələrin aparılmasına səbəb olub. Onun fikrincə, həm sosial platformalarda, həm də ictimai müstəvidə gedən diskussiyalar vətəndaşların ölkənin siyasi inkişaf gündəliyinə artan marağını və proseslərə fəal münasibətini nümayiş etdirir.

AzNews.az