Məhəmməd Əlinin çənəsini qıran boksçu öldü

19 Sentyabr 2013 09:28 (UTC+04:00)
ABŞ-ın Arizona ştatında boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Ken Norton 70 yaşında dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, son illər müxtəlif xəstəliklərdən əziyyət çəkən Norton bir neçə dəfə insult keçirib.

Onun ölümünə isə ürək çatışmazlığı səbəb olub.

Qeyd edək ki, "Qara Herkules" ləqəbli Ken Norton karyerasına 1967-ci ildə başlayıb. O, 6 il sonra Məhəmməd Əli ilə döyüşdə xal hesabı ilə qalib gəlib və üstəlik, rəqibinin çənəsini qırıb. Lakin yarım il sonra revanş döyüşündə Əli qələbə qazanıb.

Norton dünya çempionluğunu 1977-ci ildə qazanıb. O, çempionluq kəmərini cəmi 1 il sonra Lari Holmsa yenilərək itirib. Mərhum boksçu karyerası ərzində 50 döyüş keçirib, 33-ü nokautla olmaqla, 42 qələbə qazanıb və 7 dəfə məğlub olub. İdmandan getdikdən sonra Norton bir neçə filmə çəkilib, habelə, boks qarşılaşmalarını televiziya ilə şərh edib.