Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 6 %-ə yaxın artıb

16 Mart 2026 16:20 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 8 687 şəxs qəbul edilib.

Aznews.az xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 12 819 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Ümumi xidmətlərin 84 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

2 ay ərzində vergi ödəyicilərinə 442 418 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 21 görüş keçirilib, 172 sayda ünvanlı xidmət göstərilib, 859 müraciət üzrə 1 472 "ASAN İmza" sertifikatı verilib.