“Problem texnologiyada deyil, ondan necə istifadə olunmasındadır” – Sona Əliyeva

16 Mart 2026 16:54 (UTC+04:00)

"Son illərdə süni intellektin sürətlə yayılması təhsildə də yeni suallar doğurub. Açığı, bu məsələni yalnız müsbət və ya yalnız mənfi tərəfdən qiymətləndirmək düzgün olmaz. Texnologiya hər zaman təhsilin bir hissəsi olub, vaxtilə kalkulyator, internet, hətta Google da oxşar müzakirələr yaratmışdı. Bu gün eyni müzakirə obyekti rolunu süni intellekt alətləri oynayır. Bir tərəfdən baxanda, bu alətlər şagirdlər üçün həqiqətən böyük imkanlar yaradır. Məsələn, şagird hansısa mövzunu anlamırsa, süni intellekt ona sadə dillə izah edə bilir, əlavə nümunələr göstərir, hətta fərqli üsullarla mövzunu başa salır".

Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.

Xatırladaq ki, son illərdə texnologiyanın sürətli inkişafı təhsil sahəsində də yeni müzakirələrə səbəb olub. Xüsusilə süni intellekt alətlərinin geniş yayılması məktəblərdə və universitetlərdə öyrənmə prosesinə ciddi təsir göstərir. Artıq bir çox şagird ev tapşırıqlarını hazırlayarkən və ya məlumat axtararkən müxtəlif süni intellekt proqramlarından istifadə edir. Bu isə bəzi mütəxəssislər tərəfindən təhsildə yeni imkan kimi qiymətləndirilsə də, digərləri bunun şagirdlərin müstəqil düşünmə bacarıqlarına mənfi təsir göstərə biləcəyini düşünür. Bəzi ölkələrdə məktəblər bu texnologiyadan dərs prosesində istifadə etməyə başlayıb, digərləri isə hələ də məhdudiyyətlər tətbiq etməyi müzakirə edir. Azərbaycanda isə bu məsələ hələ yeni formalaşan müzakirə mövzularındandır.

S. Əliyeva qeyd edib ki, bu xüsusilə fərdi öyrənmə baxımından çox faydalıdır.

"Hər şagirdin öyrənmə tempi və qavrama tərzi fərqlidir və texnologiya bu fərqləri müəyyən qədər kompensasiya edə bilir. Amma digər tərəfdən risk də var. Əgər şagird bu alətlərdən yalnız hazır cavab almaq üçün istifadə edirsə, o zaman düşünmə və analiz etmə bacarıqları həqiqətən zəifləyə bilər. Yəni problem texnologiyanın özündə deyil, ondan necə istifadə olunmasındadır. Təəssüf ki, bəzi hallarda şagirdlər tapşırığın məntiqini anlamaq əvəzinə, süni intellektdən hazır mətn alıb təqdim etməyə üstünlük verirlər. Dünya təcrübəsi də göstərir ki, bu texnologiyanı qadağan etməklə məsələni həll etmək mümkün deyil. Azərbaycanda da bu mövzunun yeni müzakirə olunması təbiidir. Amma düşünürəm ki, gec-tez təhsil sistemi bu reallıqla üz-üzə qalacaq. Ona görə də artıq indidən müəyyən addımlar barədə düşünmək lazımdır. Məsələn, şagirdlərə süni intellektdən necə istifadə etmək, məlumatın doğruluğunu necə yoxlamaq, hazır cavabı olduğu kimi qəbul etməmək kimi bacarıqlar öyrədilməlidir. Eyni zamanda müəllimlərin də bu texnologiyalar barədə məlumatlı olması çox vacibdir. Çünki müəllim texnologiyanı tanımırsa, onun tədris prosesinə təsirini də düzgün idarə edə bilməyəcək. Digər vacib məsələ isə qiymətləndirmə modelidir. Əgər tapşırıqlar yalnız məlumatın təkrarlanmasına əsaslanırsa, şagirdin süni intellektdən istifadə edib hazır cavab gətirməsi çox asan olacaq. Amma tapşırıqlar analiz, müzakirə və şəxsi fikir tələb edəndə texnologiya sadəcə köməkçi rol oynayır. Qısası, süni intellekt nə təhsilin düşmənidir, nə də möcüzəvi həll yoludur. O sadəcə yeni bir alətdir. Bu alətin şagirdə faydalı olub-olmaması isə ondan necə istifadə etməyi öyrətməyimizdən asılıdır. Təhsil sistemi bu texnologiyanı görməzlikdən gəlmək əvəzinə, onu düzgün istiqamətə yönəltməyi bacarmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az