"Azərbaycanın şimalında və cənubunda tarixin ən mürəkkəb müharibələrindən ikisi baş verməkdədir. Azərbaycansa bu iki cəbhə arasında həm öz ərazisində sabitliyi təmin etmiş bir ölkədir, həm də coğrafi baxımdan ortaq olduğu Cənubi Qafqazda sabitliyi müəyyən edən ölkədir. Bu, əlbəttə ki, beynəlxalq münasibətlər sistemində çox az rast gəlinən nümunələrdən biridir. Azərbaycanın bu mövqeyi, sabitliyi təmin etmək gücü, hüquqi təmin etmək və hüququn işləkliyini qorumaq bacarığı təkcə Azərbaycan vətəndaşları üçün rifah, təhlükəsizlik və sabitlik deyil, həm də xarici tərəfdaşlar və dost ölkələr üçün olduqca əhəmiyyətlidir. Nəticə etibarilə, bu gün məlumdur ki, 70-ə yaxın ölkə öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Azərbaycana müraciət edib və onlar müharibənin baş verdiyi İran ərazisindən təhlükəsiz şəkildə Azərbaycana gətirilərək müvafiq marşrutlar üzrə istiqamətləndirilib. Bu, əlbəttə ki, mühüm hadisədir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, bölgədəki mürəkkəb şəraitdə dövlətlərin vətəndaşlarını və xarici vətəndaşları qoruması həm humanitar, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycanın təxliyə əməliyyatları ölkənin regional sabitliyə və təhlükəsizliyə ciddi yanaşdığını göstərir. Bu addımlar açıq mesaj verir: Azərbaycan həm mövqeyini qoruyan, həm də humanitar və strateji baxımdan məsuliyyətli dövlətdir.
Deputat qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanın öz vətəndaşlarının rifahı və təhlükəsizliyi ölkə üçün əsas vəzifələrdən biridir.
"Bu günə qədər Azərbaycan bunu təmin etmək üçün çox mühüm strateji məsələləri həll edib. Ən qısa müddətdə, ən sürətli müharibəni apararaq qəti qələbə əldə edib. Bu, təhlükəsizliyimiz baxımından bir nömrəli məsələ idi. Ondan sonra isə quru sərhədlə qonşu olduğumuz ölkələrdən gələcək müxtəlif təhdidlərə qarşı Azərbaycan sərhəd təhlükəsizliyini təmin edib. Burada da ilk növbədə öz vətəndaşının təhlükəsizliyi Azərbaycanın diqqət mərkəzində olub. Bu sabitlik isə regional və daha geniş coğrafiyada təhlükəsizlik üçün təminat yaradıb. Ona görə də bu gün çox sayda ölkə vətəndaşının müharibə bölgələrindən Azərbaycana gəldikdə özlərini təhlükəsiz hiss etməsi, şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Eyni zamanda, tərəfdaş ölkələrlə Azərbaycanın münasibətlərinin daha da dərinləşməsinə və inkişafına səbəb olur. Bu sabitliyin və sülhün siyasi formulasını Azərbaycan Prezidenti XIII Qlobal Bakı Forumunda çıxışında belə ifadə edib: güc yalnız beynəlxalq hüquqa əsaslandıqda tətbiq edilə bilər. Yəni güc yalnız o zaman tətbiq olunmalıdır ki, hüququn əldə edilməsinə xidmət etsin. Amma çox təəssüf ki, bizim şimalımızda və cənubumuzda baş verən müharibələrin heç biri bu paradigmaya söykənmir. Azərbaycan isə öz hüququnu əldə etmək üçün güc tətbiq etdi və gücün yaratdığı hüquqsuzluğu aradan qaldırdı. Ancaq güclü olduğu vaxtda gücsüzə qarşı güc tətbiq etmədi. Yenə hüququ əsas götürərək qeyri-hüquqi davranışlara yol vermədi. Azərbaycanın bu məntiqi yanaşması ilk növbədə qibtə yaradır, sonra isə rəğbət formalaşdırır. Çünki güclü olduğunuz zaman belə hüququ pozmursunuz və ya zəif olduğunuz vaxt özünüzdə güc taparaq güclənir və hüququnuzu bərpa edirsiniz. Məncə, yeni dünya nizamının əsas açar nöqtələrindən biri də hüquqa və gücə məhz bu cür yanaşma olmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az