“Yaxın Şərqdə müharibənin uzanması və qlobal savaş riskinin artması ehtimalı var” – Elçin Xalidbəyli

16 Mart 2026 21:04 (UTC+04:00)

"İran Xarici İşlər Nazirinin son açıqlamaları göstərir ki, rəsmi Tehran ABŞ-a güzəştə getmək niyyətində deyil. Savaş başlamazdan əvvəl ABŞ İrana bir sıra şərtlər irəli sürürdü, əsas olaraq nüvə proqramının ləğvini tələb edirdi. Lakin rəsmi Tehran bu şərtləri qəbul etmədi və nəticədə ABŞ İsrail ilə ortaq hərbi əməliyyatlara başladı. Hazırda savaş dərinləşərək daha mürəkkəb istiqamətlərə yönəlməkdədir. Əhəmiyyətli məqam odur ki, artıq yalnız ABŞ şərtləri irəli sürən tərəf deyil; İran da savaşın dayandırılması üçün konkret şərtlər irəli sürür və ABŞ-nin bu şərtləri qəbul etməsini tələb edir. Əks halda, savaşın davam edəcəyi mesajını verir. Bu, ABŞ üçün Yaxın Şərqdə olduqca mürəkkəb vəziyyət yaradıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Abbas Əraqçi ölkəsinin müharibənin dayanması ilə bağlı şərtlərini açıqlayıb. O bildirib ki, mübarizə ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən təcavüzün səhv olduğunu qəbul edənədək davam edəcək. Nazirin sözlərinə görə, İran ordusu Trampın həm amerikalılara, həm də iranlılara qarşı apardığı qanunsuz hərəkətlərin yanlış olduğunu qəbul edənədək döyüşü davam etdirəcək və belə addımların bir daha təkrarlanmaması vacibdir.

Siyasi şərhçi qeyd edib ki, əgər ABŞ savaşı dayandırıb geri çəkilərsə, bu onların qlobal nüfuzuna sarsıcı təsir göstərə və eyni zamanda İranın şərtlərini qəbul etmiş olmalarına səbəb ola bilər.

"Əgər savaş davam edərsə, İranla razılaşa bilməmək daha dağıdıcı nəticələrə gətirib çıxara bilər. Hazırki vəziyyət onu göstərir ki, ABŞ Yaxın Şərqdə sözün həqiqi mənasında bir savaş bataxlığına düşmək üzrədir. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsində olduğu kimi, ABŞ üçün də qəliz və uzunmüddətli münaqişə perspektivi yaradır. Açıqdır ki, savaşın yaxın vaxtlarda dayanması ehtimalı zəifdir, əksinə uzanacağına dair əlamətlər daha çoxdur. Nəticədə, Yaxın Şərqdə qeyri-müəyyən hərbi-siyasi vəziyyət mövcuddur ki, bu da həm savaşın uzanmasına, həm də digər dövlətlərin münaqişəyə cəlb olunma riskinin artmasına səbəb olur. Bu, daha geniş miqyaslı qlobal savaş təhlükəsini ön plana çıxarır".

Rəfiqə Namazəliyeva,

AzNews.az