Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dair Protokolu ratifikasiya edib.
Aznews.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” 13 oktyabr 2023-cü ildə Bişkek şəhərində imzalanıb.
Protokola əsasən adı çəkilən Əsasnaməyə bir neçə dəyişiklik edilib.
Bu Protokol onu imzalayan tərəflərin sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə üçüncü bildirişinin depozitari tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Dövlətdaxili prosedurları sonradan yerinə yetirən tərəflər üçün bu Protokol müvafiq sənədlərin depozitari tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.
Azərbaycan Respublikası bu Protokola dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyətini istisna edən qeyd şərti ilə qoşulur.
"2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib./trend