Azərbaycana anti-İsrail narrativlərini kimlər və niyə ixrac edir? - TƏHLİL

17 Mart 2026 15:57 (UTC+04:00)

ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar bütün dünyada olduğu kimi, Azərbaycanda da diqqətlə izlənir və müzakirə olunur. Üstəlik, bu məsələ biz şimali azərbaycanlılar üçün xüsusilə həssasdır.

Əvvəla ona görə ki, Güney Azərbaycanda təxminən 20 milyon soydaşımız yaşayır. Zaman-zaman bu rəqəmi real statistikaya uyğun olmayan şəkildə şişirdənlər, hətta farsların İranda "etnik azlıq" olduğunu iddia edənlər var. Ancaq bu yöndə səslənən mülahizələrin arxasında konkret və obyektiv hər hansı statistika dayanmır.

İkincisi, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini və inkişafını, yumşaq desək, həzm etməyən bir dövlətdir. Tehrandakı klerikal rejimin Qarabağ münaqişəsi zamanı Ermənistana verdiyi dəstək ictimai hafizəmizdən silinməyib, mollaların "Zəngəzur dəhlizi"nin reallaşmasına necə maneə olmaq istədikləri gözümüzün qarşısındadır.

Üçüncüsü, İran kimi yayılmaçılıq siyasəti yürüdən bir ölkənin nüvə silahına malik olmaq iddiası və geniş raket bazası formalaşdırması Azərbaycan da daxil olmaqla bölgədə də, dünyada da hər kəsi dərindən narahat etməyə bilməz.

2019-cu ilin fevralında İranın ali lideri Əli Xamenei islam çevrişinin 40-cı ildönümü ilə bağlı "İnqilabın ikinci addımı" başlığı altında proqram səciyyəli müraciət yayımlamışdı. Bu müraciət İrandakı molla rejiminin iç siyasətdə daha da despotlaşmasını təzahür etdirir, xarici siyasətdə isə ideoloji ekspansiyanı dövlət siyasətinin mərkəzinə qoyurdu. Bununla region ölkələrinin suverenliyini dolayı şəkildə hədəfə alır və “müqavimət” adı altında davamlı gərginlik modeli legitimləşdirilirdi. Bu yanaşma praqmatik diplomatiyanı zəiflədir, qarşıdurmanı normallaşdırır və geniş müstəvidə radikal düşüncəni təşviq edirdi. Nəticədə, bu xətt yalnız regional balansı pozmur, həm də müxtəlif ölkələrdə- o cümlədən Azərbaycanda- xarici təsir alətlərinin gücləndirilməsini və daxili parçalanma riskini artırmağı nəzərdə tuturdu. Heç şübhəsiz, "İkinci addım" proqramında "sionist rejim" olaraq bəhs edilərək İsrail də unudulmurdu, dolayı bir dil, fəqət aydın şəkildə onun aradan qaldırılacağından danışılırdı.

Bu sənədlə tanış olan ağlı başında olan və az-çox vətənpərvərlik hissinə malik heç bir azərbaycanlı İrana savaş davam edərkən İsrailə qarşı antipatik mövqe tuta bilməz. Ancaq kifayət qədər geniş şəkildə müşahidə edirik ki, Azərbaycanda ictimai rəyi İsrail əleyhinə çevirmək üçün sistemli cəhdlər olunur. Müşahidələrimizə görə, bu cəhdlər heç də spontan deyil. Azərbaycanın xarici siyasət kursunun obyektivliyini şübhə altına almaqla, Bakı-Təl-Əviv əlaqələrinə zərbə vurmaqla, cəmiyyətdə süni qarşıdurma yaratmağa hesablanmaqla konkret mərkəzlərdən idarə olunur.

Odur ki, sual yaranır: Azərbaycana anti-İsrail narrativlərini kimlər və niyə ixrac edir?

İran özü bir mənbə kimi bu prosesdə açıq görsənir. Eyni zamanda, Rusiya meyilli qrupların da bu diskursun formalaşmasına şövqlə dəstək verdiyi sirr deyil. Daha çox məyusluq doğuran isə, Türkiyə mediasının anti-İsrail ritorikasını Azərbaycana yaymaq istəyənləridir. Bu tendensiyanın nə qədər ciddi fəsadlar doğura biləcəyini, iki qardaş ölkənin siyasi elitaları arasında nifaq sala biləcək qədər təhlükəli olduğunu hər birimiz gördük.

Elə bu səbəbdən də Azərbaycan üçün İsrail niyə önəmlidir sualına bir daha cavab verməkdə fayda var. Əlbəttə, ən müxtəlif sahələr üzrə dövlətlərarası münasibətlərdən əldə olunan qarşılıqlı mənfəətləri sadalamaq vaxt aparar. Məsələnin məğzi isə budur ki, Azərbaycanın İsraillə münasibətləri heç bir ideologiyanın təsirinə məruz qalmır, strateji maraqlara, praqmatik düşüncəyə və qarşılıqlı faydaya əsaslanır. Bu çərçivəni hədəfə almaq və çeşidli manipulyativ üsullarla Azərbaycanda anti-İsrail ovqatı yaratmağa cəhd göstərmək birbaşa dövlətimizin milli təhlükəsizlik arxitekturasına qarşı ideoloji cəbhə açmaqdır.

Fərqindəyik ki, anti-İsrail diskursu çox vaxt Fələstin məsələsi üzərindən qurulur. Məgər Azərbaycan rəsmi olaraq Fələstinin varlığını və hüquqlarını tanımır? Zira, xarici siyasətində Fələstinə qarşı mövqe tutmayan Azərbaycan İsrailin əleyhinə niyə çıxmalıdır? İsrail və ərəb ölkələri arasındakı konflikt tarixindən xəbərdar olanlar çox yaxşı bilirlər ki, bu məsələdə tərəf tutmaq Azərbaycan üçün diplomatik sadəlövhlük olardı. Əlavətən, bizim mövqeyimizin bu münaqişənin tərəflərindən birinin xeyrinə sonlandıracağını düşünənlər də yanılırlar. Əgər söhbət insaniyyətdən və ədalətdən gedirsə, o zaman İsrailin mövcudluğuna qarşı çıxan dövlətlərin və silahlı hərəkatların da sorğulanacaq davranışları az deyil. Kimlərin insanlığın, kimlərin ədalətin, kimlərin isə şiddətin və radikalizmin yanında olduğu açıq sualdır.

Məni və yəqin ki, hər bir düşünən azərbaycanlını isə, anti-İsrail ritorikasının Azərbaycanda radikallaşma potensialına göstərdiyi təsir narahat edir. Uzun illərdir müşahidə edirik ki, bu ritorika hər şeydən öncə dövlətimizin sekulyar modelinə qəsd edir. Düzdür, geniş ictimai dayaq tapmadığına görə bu ziyanlı proses Türkiyədə olduğu kimi sekulyar düşüncəyə hələ ki ciddi təzyiq yaratmır, lakin tendensiya ortadadır. Azərbaycanda "Kərimə dövləti" qurmaq planlarını yada salaq. Bu plan bizə onu göstərdi ki, dini radikalizmə zəmin yaradan, xarici təsir şəbəkələrinin aktivləşməsinə xidmət edən istənilən diskurs Azərbaycanın daxili sabitliyi baxımından risklidir.

Bütün bunları nəzərə alanda anti-İsrail məzmunlu çıxış edənlər heç də obyektiv və səmimi görünmürlər. Lütfən, İran ərazisindən Naxçıvana edilən dron hücumu, Türkiyəyə atılan 3 raketlə bağlı rəsmi açıqlamalara rəğmən, "siyonizm əleyhdarları"nın sərgilədiyi riyakarlığa diqqət edin. "Növbədə Azərbaycandır", "sırada Türkiyədir" deyə guya burnundan uzağı görürmüş kimi danışanların feyk məlumatlara, komplo nəzəriyyələrə sarılmasını izləmək, sadəcə, ikrah doğur.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda anti-İsrail ritorikasını qızışdırmağa çalışanlar geosiyasi təsir alətinə çevrilib. Azərbaycanın müstəqil xarici siyasət kursunu zəiflətmək üçün istifadə olunan bu alətlər, lap əvvəldə də qeyd etdiyim kimi, heç də kor-koranə hərəkət etmirlər. Azərbaycana qarşı informasiya müharibəsinin vintləri və vintcikləri cəmiyyətdə emosional reaksiyalar yaratmaqla, rasional düşüncəni zəiflədirməklə, sosial şəbəkələr vasitəsilə saxta və ya selektiv xəbərlər yaymaqla, hadisələri “ağ-qara” formatında təqdim etməklə mürəkkəb geosiyasi reallıqla milli maraqlarımız arasında kolliziya formalaşdırmağa çalışırlar.

Regionda da, dünyada da güc balansı dəyişir. Qonşu dövlətlərimizin bir çoxu yeni dünya nizamının qurulmasında heç də sülhsevər davranışlar nümayiş etdirmirlər. Azərbaycan üçün praktik qərarvermə meyarları beynəlxalq siyasi, iqtisadi və hərbi faktlardır. Bu yanaşma həm ölkəmizə suverenliyi qorumaq imkanı yaradır, həm də Azərbaycanı Cənubi Qafqazın lider dövlətindən Yaxın Şərqin orta güclü aktoruna çevirir. Bu, çox böyük tarixi şansdır. Qalan bütün ehtimalları bir kənara qoysaq, İranın hərbi qüdrətinin sıfırlanması, proksi qüvvələri sıradan çıxarılması Yaxın və Orta Şərqdə sülh gündəminin genişlənməsinə şərait yaradır. Bu sülh gündəmi isə heç də anti-İsrail ritorikası ilə formalaşmayacaq.

Taleh ŞAHSUVARLI