“Ermənistanda müxalifət parlament seçkilərində ‘Gümrü modeli’ni tətbiq etməyə çalışa bilər” – Oqtay Qasımov

17 Mart 2026 18:12 (UTC+04:00)

"Ermənistanda seçki kampaniyası artıq start götürüb və kifayət qədər sərt siyasi mübarizənin olacağı gözlənilir. Belə ki, bu seçkilərdə sülh tərəfdarları ilə müharibə tərəfdarları arasında ciddi qarşıdurmanın şahidi ola bilərik. Nəzərə alsaq ki, müharibə mövqeyini müdafiə edən əsas siyasi fiqurlar Rusiyaya bağlı şəxslərdir, onların da artıq siyasi iddialarını ortaya qoyduğu görünür. Bu kontekstdə həm Samvel Karapetyan, həm Robert Köçəryan, həm də digər siyasi fiqurlar aktiv şəkildə prosesə qoşulurlar".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Hayastan” bloku tərəfindən baş nazirliyə namizəd göstərilib. Rusiyanın dəstəklədiyi Robert Köçəryan və iş adamı Samvel Karapetyan rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının Nikol Paşinyana qarşı ciddi kampaniya aparacağı proqnozlaşdırılır.

Siyasi şərhçi bildirib ki, ilkin təəssürata görə, bu seçkilərdə bir neçə siyasi blok iştirak edəcək.

"Ehtimallara görə, Ermənistan müxalifəti “Gümrü modeli” adlandırılan taktikanı tətbiq etməyə çalışa bilər. Belə ki, bir il əvvəl Gümrü şəhərində keçirilən mer seçkilərində Nikol Paşinyan rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası ən çox səs toplasa da, müxalif qüvvələrin birləşərək bələdiyyə şurasında çoxluğu əldə etməsi nəticəsində mer postu müxalifət nümayəndəsinə keçmişdi. Bu taktikanın parlament seçkilərində də effekt verib-verməyəcəyi isə açıq sual olaraq qalır. Nəzərə alsaq ki, Paşinyan və komandası bu cür ssenarilərə hazırlaşır, onların qarşı addımlar atacağı da istisna deyil. Ümumilikdə isə ayrı-ayrılıqda nə Köçəryanın, nə də digər ənənəvi müxalif fiqurların ciddi ictimai dəstək toplaması ehtimalı yüksək görünmür. Rusiyaya meyilli elektoratın daha çox Samvel Karapetyanın ətrafında cəmləşə biləcəyi ehtimal edilir. Bunun əsas səbəbi onun indiyə qədər aktiv siyasi proseslərdə birbaşa iştirak etməməsi, daha çox biznes fəaliyyəti, iş yerlərinin yaradılması və xeyriyyə layihələri ilə cəmiyyətdə müəyyən nüfuz qazanmasıdır. Ehtimal olunur ki, Köçəryan və digər siyasi fiqurlar bu blok daxilində birləşərək müəyyən səs toplamağa çalışacaq, daha sonra isə vahid siyasi xətt üzrə hərəkət edərək dəstək mexanizmini formalaşdıracaqlar. Bununla belə, həm Köçəryanın, həm də digər keçmiş hakimiyyət nümayəndələrinin təkbaşına ciddi nəticə əldə etməsi kifayət qədər çətin görünür".

Rəfiqə Namazəliyeva,

AzNews.az