“Blok imtahanı keçən ilin səviyyəsində olsa, ciddi bal itkisi yarana bilər” – Ramin Nurəliyev

17 Mart 2026 20:28 (UTC+04:00)

"Artıq blok imtahanının tarixləri açıqlanıb və abituriyentlər ciddi şəkildə hazırlaşırlar. Hesab edirəm ki, Dövlət İmtahanı Mərkəzi buraxılış imtahanı nəticələri açıqlanandan və ümumi statistika paylaşılandan sonra qərar verəcək. Buraxılış imtahanının çətinliyi özünü ciddi şəkildə göstərəcək. Əgər Dövlət İmtahanı Mərkəzi bu statistikaları nəzərə alaraq analiz aparsa, bu ilki buraxılış imtahanının daha çətin olduğu görünəcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, 11-ci sinif şagirdləri artıq buraxılış imtahanlarını tamamlayıblar. Qəbul imtahanlarının birinci turu üçün isə tarixlər açıqlanıb: II və III qruplar 24 mayda, I və IV qruplar isə 7 iyunda keçiriləcək. Bəzi abituriyentlər isə buraxılış imtahanına yaxınlaşanda blok imtahanına hazırlığı azaldır, hətta bəzən onu tam dayandıraraq bütün enerjilərini buraxılış imtahanına yönəldirlər. Nəticədə, blok imtahanına hazırlaşmaq üçün onlarda artıq məhdud vaxt qalıb.

Ekspert bildirib ki, bu halda Dövlət İmtahanı Mərkəzi blok imtahanlarının səviyyəsini aşağı salmağa məcbur olacaq.

"Çünki blok imtahanı keçən ilin səviyyəsində olarsa, bu ciddi bal itkisi və nəticədə plan yerlərinin dolmamasına səbəb ola bilər ki, bu da abituriyentlər üçün böyük problem olar. Ona görə hesab edirəm ki, Dövlət İmtahanı Mərkəzi xüsusi diqqət göstərməli və plan yerlərinin kifayət qədər dolması üçün blok imtahanını daha əlçatan etməlidir. Buradan abituriyentlərə də səslənirəm: həvəsdən düşməyin və ciddi şəkildə çalışın. Ehtimal edirəm ki, buraxılış imtahanının statistikasından sonra Dövlət İmtahanı Mərkəzi blok imtahanını sadələşdirməyə məcbur qalacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az