“İranın raket və PUA ehtiyatları ciddi şəkildə azalıb” – Ədalət Verdiyev

17 Mart 2026 22:11 (UTC+04:00)

"Hazırda həm Avropada, həm də Yaxın Şərqdə intensiv müharibələr gedir və bu qarşıdurmalar kifayət qədər böyük itkilərlə müşahidə olunur. Hər gün itkilər davamlı olaraq artır və bu, dünyanın təhlükəsizlik konsepsiyasını ciddi təhdidlər qarşısında qoyub. Müharibələr yalnız döyüş əməliyyatları səhnəsində deyil, eyni zamanda informasiya sahəsində, kiber məkanlarda, kosmik mərkəzlərin iştirakı ilə, süni intellekt və digər müasir texnologiyaların tətbiqi ilə paralel şəkildə aparılır. Bu proseslərdə kəşfiyyat məlumatlarının rolu isə hər zamankindən daha önəmli görünür".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, Yaxın Şərq regionu yenidən dünya diqqət mərkəzinə çevrilib. İran və İsrail arasında davam edən gərginlik təkcə regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi sınaqlara çevrilməkdədir. Son hadisələr göstərir ki, artıq bu qarşıdurma sadəcə raket hücumları və hərbi əməliyyatlarla məhdudlaşmır; informasiya müharibəsi, casusluq fəaliyyəti və beynəlxalq diplomatiya da cəbhənin bir hissəsinə çevrilib. İranın nüvə proqramı və regional hərbi fəaliyyəti, İsrailin cavab tədbirləri və ABŞ-nin dəstəyi fonunda, müasir müharibə anlayışı əvvəlkindən tam fərqli şəkildə ortaya çıxır. Ərazi qazanmaq və ya düşməni sırf hərbi baxımdan məğlub etmək artıq qalibiyyətin yeganə göstəricisi deyil. İqtisadi sanksiyalar, beynəlxalq dəstək, informasiya üstünlüyü və texnoloji imkanlar indi müharibənin taleyini müəyyən edən əsas amillərdir.

Ekspert bildirib ki, hazırkı İran-İsrail-ABŞ qarşıdurmasında üstünlük əsasən koalisiyanın tərəfində olacaq.

"Bunun səbəbi İranın son addımları ilə ətrafındakı müsəlman ölkələrlə münasibətlərini ciddi şəkildə zədələməsidir və yaxın perspektivdə bu münasibətlərin bərpa olunacağı gözlənilmir. Digər tərəfdən, İranın hərbi potensialı ABŞ və İsrailə qarşı uzunmüddətli müqavimət göstərmək üçün kifayət deyil və heç vaxt kifayət olmayıb. Regiondakı güc balansı artıq pozulub. Müharibə başlamazdan əvvəl İran öz potensialına görə regionun ən güclü ordularından biri hesab olunurdu. Bu potensial əsasən kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlər hesabına təmin edilirdi. Hazırda İranın imkanları ciddi şəkildə məhdudlaşıb: raket ehtiyatlarının böyük hissəsi istifadə olunub, PUA ehtiyatlarının isə ən azı yarısı artıq tükənib. Nəticədə İranın zərbə qabiliyyəti gündən-günə azalır. Əks tərəf isə İranın hərbi infrastrukturu, xüsusilə SEPAH, Bəsic və polis bölmələrinə hücumları artırır. Başqa sözlə, İran hər gün daha çox zəifləyir. Dənizdə artıq 65-dən çox İran gəmisinin batdığı və ölkənin hava hücumundan müdafiə sisteminin demək olar ki, sıradan çıxdığı müşahidə olunur. Bu vəziyyətdə qlobal təhlükəsizlik üçün təhdid hesab olunan İranın yaxın perspektivdə ABŞ tərəfindən irəli sürülən tələbləri qəbul edəcəyi və müharibədə məğlubiyyətlə bağlı kapitulasiya sənədlərini imzalamağa məcbur olacağı ehtimal olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az