Makron: Fransa müharibənin tərəfi deyil

18 Mart 2026 13:49 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron İran və Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlamasında ölkəsinin müharibəyə qoşulmadığını və yalnız müdafiə mövqeyində olduğunu bildirib.

Makron çıxışına martın 13-də İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücumda həlak olan fransız hərbçinin ailəsinə başsağlığı verərək başlayıb, yaralanan hərbçilərə isə şəfa diləyib.

O qeyd edib ki, Fransa ABŞ və İsrailin regionda apardığı hərbi əməliyyatların, eləcə də İranın cavab zərbələrinin nəticələrini diqqətlə izləyir.

“Fransa bu müharibəni seçməyib, biz bu münaqişədə iştirak etmirik. Regiondakı vətəndaşlarımızı və müttəfiqlərimizi qorumaq üçün müdafiə mövqeyindəyik”, – deyə Makron vurğulayıb.

Fransa prezidentinin sözlərinə görə, ölkəsinin əsas prioriteti regiondakı hərbi bazalarını və vətəndaşlarını qorumaq, eyni zamanda müttəfiq ölkələrə dəstək verməkdir. O əlavə edib ki, Paris münaqişənin coğrafi baxımdan genişlənməsinin qarşısını almağa çalışır.

Makron bildirib ki, Fransa Livanın ərazi bütövlüyünün qorunması və “Hizbullah”a qarşı mübarizə məsələsində Livan hakimiyyəti ilə əməkdaşlıq edir.

O həmçinin vurğulayıb ki, Fransanın məqsədlərindən biri də regionda gəmiçilik azadlığının və dəniz təhlükəsizliyinin təmin edilməsidir. Bu çərçivədə Avropa İttifaqının Qırmızı dəniz və Babulməndəb boğazında həyata keçirdiyi “Aspides” missiyasına sadiq qalındığı qeyd olunub.

Makron əlavə edib ki, Fransa mövcud şəraitdə Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etməyəcək.

Onun sözlərinə görə, regionda vəziyyət sabitləşərsə, Fransa digər ölkələrlə birlikdə Hörmüz boğazından keçən gəmilərin müşayiət olunmasına dəstək verməyə hazırdır.

Mövsüm,

AzNews.az