“Azərbaycan cəmiyyətində qadınlara hər zaman yüksək dəyər verilib, bu dəyərlərdən uzaq bəzi ünsürlərin mövcudluğu təəssüf doğurur”.
Aznews.az xəbər verir ki, Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Prezidentin ailəsini şantaj edən şəxsin ifşa olunaraq, DTX tərəfindən saxlanılması barədə danışarkən bildirib.
Deputat deyib ki, Azərbaycanın sürətli inkişafı və Prezident İlham Əliyevin qlobal nüfuzu bəzi dairələri, qüvvələri narahat etməyə başlayıb və mənəvi dəyərlərdən uzaq olan bəzi ünsürlər bu dairələrin əlində oyuncağa çevrilib: “Azərbaycan qadınına daim böyük hörmət olub. Bu dəyərlərdən uzaq belə şəxslərin ifşası dövlətin hüquq-mühafizə orqanlarının çox ciddi və effektiv fəaliyyət göstərdiyini nümayiş etdirir. Əsas odur ki, bu ünsürlər, bu cinayətkarlar anlamalıdırlar ki, bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir. Bu şəbəkənin bütün üzvlərinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi göstərir ki, xaricdə olan belələrinin də saxlanılaraq ölkəmizə gətirilməsi uzaq deyil, yaxın tarixdə təmin olunacaq”.
Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan kişiləri hər zaman qadınlara yüksək dəyər veriblər: “Azərbaycan cəmiyyəti mənəvi dəyərləri tapdayanlara, xanımlar haqqında şər-böhtan yayanlara hər zaman xüsusi mənfi münasibət bəsləyib. Ona görə də belə məxluqların, ünsürlərin mövcudluğu təəssüf doğurur. Belələri hər zaman ifşa ediləcək, qanun qarşısında mütləq cavab verəcək”.