“Rusiya-Ukrayna müharibəsi hələ də qlobal geosiyasi gündəmin əsas mövzularındandır” – Zaur İbrahimli

18 Mart 2026 17:45 (UTC+04:00)

"ABŞ-nin İsrail və İrana qarşı apardığı əməliyyatlar və hərbi qarşıdurmalar Rusiya-Ukrayna müharibəsinin beynəlxalq gündəlikdə bir qədər arxa plana keçməsinə səbəb olub. Lakin nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi artıq beş ilə yaxındır davam edir və İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurmalardan biri hesab olunur. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsinin yaratdığı nəticələr qlobal geosiyasi konfiqurasiyaya, beynəlxalq iqtisadi münasibətlərə və ən vacib olaraq Avropa qitəsindəki mövcud qüvvələr balansına əhəmiyyətli təsir göstərir. Rusiya-Ukrayna müharibəsinin hansı nəticələrlə başa çatacağı və ya nə qədər davam edəcəyi hələlik dəqiq bilinməsə də, bu qarşıdurma Avropa İttifaqı–Rusiya, ABŞ–Avropa İttifaqı və Rusiya–Çin münasibətlərini müəyyən edən əsas amillərdən biri olacaq. Bu baxımdan, müharibənin qlobal miqyasda əhəmiyyətinin azalması ilə bağlı fikir yürütmək hələ tezdir. Sadəcə olaraq, bu münaqişədə müəyyən bir qanunauyğunluq müşahidə etmək mümkündür. Məsələ ondadır ki, hərbi əməliyyatlar davam edir, lakin Rusiya həlledici qələbə qazana bilmir, Ukrayna isə məğlub olmayıb və bu vəziyyət müharibənin illərlə uzanmasına gətirib çıxara bilər".

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Xatırladaq ki, son dövrlərdə beynəlxalq münasibətlər sistemində paralel olaraq baş verən münaqişələr qlobal gündəmi formalaşdırmaqda mühüm rol oynayır. Bir tərəfdə Rusiya ilə Ukrayna arasında davam edən genişmiqyaslı müharibə, digər tərəfdə isə ABŞ, İsrail və İran arasında artan hərbi-siyasi gərginlik dünya nizamının gələcəyi ilə bağlı yeni suallar yaradır. Bu qarşıdurmalar fərqli coğrafiyalarda baş versə də, onların təsir dairəsi və nəticələri baxımından müqayisəsi geniş şəkildə müzakirə olunur.

Siyasi şərhçi bildirib ki, bu qarşıdurma artıq resurs müharibəsinə çevrilib və Rusiyanın əldə etdiyi bəzi hərbi uğurlar belə strateji baxımdan Moskvanın əsas məqsədlərinə çatmasına imkan yaratmır.

"Bu, bütün tərəflər üçün aydındır. Söhbət Ukraynanın tamamilə ələ keçirilməsindən gedir. Belə olan halda, Rusiya daha əlverişli danışıqlar şərtləri əldə etmək üçün müharibəni davam etdirir və bu vəziyyət qlobal geosiyasi tarazlığa əhəmiyyətli təsir göstərəcək. Qlobal aktorlardan Avropa İttifaqı birbaşa olaraq bu münaqişənin tərəfi hesab olunur. Eyni zamanda, ABŞ nə qədər kənarda qalsa da, həm vasitəçi rolunu oynayır, həm də Ukraynanı dəstəkləyən tərəf kimi çıxış edir. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsinin nəticələrinin necə olacağı olduqca vacibdir. Həmçinin, Rusiyanın ABŞ ilə münasibətlərini bərpa etməsi perspektivi də bu prosesdən asılıdır. Əgər bu baş verərsə, bu, qlobal geosiyasi dəyişiklik kimi qiymətləndiriləcək və Rusiya–Çin münasibətlərinə, habelə qlobal cənub cinahına öz təsirini göstərəcək. ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatların nəticələri də böyük əhəmiyyət daşıyır. Bu proseslər artıq geosiyasi reallığı dəyişməkdədir. Ehtimal olunur ki, münaqişə başa çatdıqdan sonra Körfəz ölkələrində yeni baxışlar formalaşacaq. Eyni zamanda, Çin və Şərqi Asiya ölkələri enerji təminatını qorumaq üçün strategiyalarını şaxələndirəcəklər. Bununla yanaşı, ərəb ölkələri də təhlükəsizlik və müdafiə siyasətinə dair mövqelərini yenidən gözdən keçirəcəklər. ABŞ ilə müttəfiqlik davam etsə də, bölgədəki hərbi əməliyyatlar onları daha balanslı siyasət yürütməyə vadar edəcək. Bu dəyişikliklər qısa müddətdə deyil, orta perspektivdə özünü göstərəcək və tarixi təcrübə göstərir ki, bu qaçılmazdır. Eyni zamanda, ABŞ-nin qlobal nüfuzu və strateji məqsədlərinə çatmaq bacarığı artıq müzakirə predmeti olub. Bu isə göstərir ki, dəyişikliklər üçün əsaslar mövcuddur. Ümumilikdə, hər iki müharibənin dünyada yeni təhlükəsizlik arxitekturasının formalaşmasına və tamamilə yeni yanaşmaların ortaya çıxmasına səbəb olacağı gözlənilir. Proqnozlara görə, bu, daha çox regional ittifaqlar üzərində qurulacaq. Yəni, hər iki müharibə regional ittifaqların formalaşmasına real zəmin yaradacaq. Belə ittifaqlarla kollektiv müdafiə sistemi qurulacaq və çox tərəfli qlobal təhlükəsizlik təşkilatlarının – BMT, ATƏT və NATO kimi – rolu nisbətən azalacaq. Nəticədə, dünyanın fragmentləşməsi daha da güclənəcək və regional cüzvələrin ətrafında yeni regional güc mərkəzləri və alyanslar formalaşacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az