"Artıq dünyada bir neçə təhsil modeli mövcuddur. Məncə, yeni yanaşmalar nə qədər inkişaf etsə də, ənənəvi təhsil hələ ki onları tam əvəz edə bilmir. Çünki məsafədən təhsil nə qədər geniş yayılsa da, uşaqların sosiallaşması baxımından ciddi boşluqlar yaranır. Onlar yaşıdları ilə ünsiyyətdən kənarda qalır və bu da müəyyən sahələrdə çətinliklərə səbəb olur. Məsələn, Azərbaycanda inklüziv təhsil alan uşaqlar var ki, onlar əvvəllər xüsusi müəssisələrdə dəstək alırdılar. Hətta bu uşaqlar üçün mövcud şərait kifayət qədər çətin olsa da, bir çox məktəblər hələ də lazımi infrastrukturla təmin olunmayıb – panduslar yoxdur, siniflərə giriş-çıxış uyğunlaşdırılmayıb. Buna baxmayaraq, Elm və Təhsil Nazirliyi onların sosiallaşmasını təmin etmək məqsədilə ümumi təhsil məktəblərinə cəlb olunmaları ilə bağlı qərar verib".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, son illərdə dünyada alternativ təhsil modellərinə maraq sürətlə artır. Onlardan biri də “homeschooling”, yəni uşaqların ənənəvi məktəb sistemindən kənarda, əsasən ev şəraitində təhsil almasıdır. Bu model ABŞ, Kanada və bəzi Avropa ölkələrində geniş yayılıb və hüquqi baxımdan tənzimlənir.
Təhsil eksperti qeyd edib ki, bu baxımdan Azərbaycanda tam şəkildə distant təhsil modelinə keçidə ehtiyac yoxdur.
"Düzdür, Milli Məclis tərəfindən təhsil haqqında qanuna dəyişikliklər edilib və distant, onlayn təhsilin tətbiqi ilə bağlı imkanlar yaradılıb. Gələcəkdə bəzi fənlərin həm ali təhsil müəssisələrində, həm də orta məktəblərdə qismən onlayn formada tədrisi mümkün ola bilər. Lakin bütün hallarda ən optimal model ənənəvi təhsil olaraq qalır. Burada əsas məsələ sosiallaşmadır. Onlayn təhsildə isə uşaqların diqqətinin sosial şəbəkələrə yönəlməsi, internet problemləri kimi amillər tədris prosesinə mənfi təsir göstərə bilər. Bu səbəbdən hazırda ən uyğun model ənənəvi təhsil hesab olunur. Distant təhsilin əsası XVIII əsrdə qoyulub, XIX əsrdə poçt vasitəsilə geniş yayılıb, XX əsrdə (xüsusilə televiziya və kompüter texnologiyaları ilə) inkişaf edib, 1990-cı illərdən isə internet sayəsində müasir onlayn təhsil forması yaranıb. Bununla belə, 2020-ci ildə pandemiya dövründə gördük ki, bu model daha çox fövqəladə və çətin şəraitlər üçün effektivdir. Ümumilikdə isə düşünürəm ki, yalnız distant təhsil sisteminə tam keçid məqsədəuyğun deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az