Kitablarını qarımış qız kimi tərifləyənlər

19 Sentyabr 2013 12:03 (UTC+04:00)
Göydən üç alma düşdü. Üçü də Nigar Köçərlinin. Halal xoşu.

Alma demişikən, Nigar Köçərlinin yeni dövr Azərbaycan yazarların kitablarının alınmaması və ya satılmaması ilə bağlı dediyi fikirlər bir növ yazarların xeyrinə işləyir. Yazılı mətbuatda və televiziyada ədəbiyyatla bağlı çox az informasiyaların getdiyi bir vaxtda bu məsələnin ortaya çıxması yazarları və kitabı artıq bir neçə gündür ki, gündəmdə saxlayır. Təki həmişə belə olsun.

Doğurdan da quyuya bir daş atan lazımdı ki, o quyunun suyu dalğalanmağa başlasın. Ya da ən azından orda su olduğu bilinsin; hansı yazarın quyusunun sulu, hansınınkının isə quru olduğu üzə çıxsın.

Öz aramızıdı "Ağa durub, Ağacan durub" məsəli yaxşı söhbətdi. Qoy kitablarını qarımış qız kimi tərifləyən yazarlar, yazdıqlarına bir nəzər salınsın. Baxıb görsünlər ki doğurudan da bu "Nənəxanım"ların bəxt aynası kas olub, yoxsa Nənəxanım özü yaramazın biridi.

Hər halda mağazalarda kitab vərəqləyib baxan normal oxucu, intim hislərdən, sahib olduğu dəyərlərin təhqir olunmasından yazılan kitabların nə qədər çox olduğunu görüb. Qoy bunu təzə-təzə kitab oxumağa başlayanlar və araşdırmaçılar da görsünlər.

Şəxsən mən bir ay bundan öncə aldığım bir kitabı yolda daş səkinin üstə qoyub getdim. İstəmədim ki, bu kitab mənim şəxsi kitabxanamda qalsın və gələcəkdə mənim övladım bu kitabdan "qidalansın"

Elə "Ağa durub, Ağacan durub" məsəli burda da yerinə düşür. Heç bir ideyaya qulluq etməyən, sadəcə haram sevgilisi ilə yaşadığı pozalardan yazılan şeir və hekayələri oxumaqdansa, yenə də Fizulinin, Sabirin, Nizaminin əsərlərini oxumaq daha məsləhətlidi.

Müasir ədəbiyyatımızda yaxşı qələm sahiblərinin olduğunu da danmaq olmaz. Amma yaxşı qələm sahibləri bir az həyalı olurlar. Onlar papulizimə qaçmadıqları üçün çox tanınmırlar. Və ədəbiyyatı bu gün üçün yox, sabah üçün yaradırlar. Biz elə etməliyik ki, onların yaratdığı ədəbiyyat bu gün də olsun.

Bahadur Qobustan
AzNews.az