"İran ərazisində İsrail kəşfiyyatının geniş və effektiv şəbəkəyə malik olması artıq müzakirə mövzusu deyil, daha çox qəbul edilən reallıq kimi qiymətləndirilir. Son illərdə həyata keçirilən əməliyyatlar göstərir ki, İsrail İran daxilində həm informasiya toplama, həm də hədəfli zərbələrin koordinasiyası baxımından ciddi imkanlara sahibdir. Xüsusilə ayrı-ayrı yüksək profilli fiqurların aradan götürülməsi, o cümlədən HƏMAS-la əlaqəli şəxslərə qarşı əməliyyatlar və İran daxilində baş verən digər sui-qəsdlər bu şəbəkənin funksionallığını nümayiş etdirir. Bu cür hadisələr onu deməyə əsas verir ki, İsrail kəşfiyyatı yalnız məlumat toplamaqla kifayətlənmir, eyni zamanda əməliyyatların planlaşdırılması və icrasında da aktiv rol oynayır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, İsrailin İran daxilindəki MOSSAD agentlərinə mesaj ötürmə metodları üzə çıxıb. İddialara görə, Təl-Əviv qarşı tərəfin ərazisində geniş kəşfiyyat şəbəkəsi yerləşdirib və onların koordinasiyası radio tezlikləri və gizli kodlaşdırılmış rəqəmlərlə təmin olunur. Ekspertlər bunu klassik casusluq üsullarından biri kimi qiymətləndirirlər.
Siyasi şərhçi qeyd edib ki, diqqətçəkən məqamlardan biri odur ki, son dövrlərdə İsrail agentlərinin İran ərazisində ifşa olunması və ya saxlanılması ilə bağlı məlumatlara demək olar ki, rast gəlinmir.
"Bu, ya əməliyyatların yüksək peşəkarlıqla həyata keçirildiyini, ya da istifadə olunan metodların lokal təhlükəsizlik mexanizmlərini effektiv şəkildə neytrallaşdırdığını göstərir. Eyni zamanda, bəzi hallarda İsrail tərəfinin bu tip əməliyyatları dolayı və ya açıq şəkildə təsdiqləməsi psixoloji təsir elementi kimi də qiymətləndirilə bilər. Nəticə etibarilə, ABŞ və İsrailin İranda həyata keçirdiyi əməliyyatların effektivliyində, xüsusilə də hədəflərin dəqiqliklə müəyyənləşdirilməsi və zərbələrin uğurlu icrasında İsrail kəşfiyyatının rolu açıq şəkildə hiss olunur. Bu faktor regiondakı təhlükəsizlik dinamikasına təsir edən əsas elementlərdən biri kimi çıxış edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az