Bakıda Formula-1 təxirə salınır? - Rəsmi cavab

22 Mart 2026 15:52 (UTC+04:00)

Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Formula-1" yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.

Oxu.Az xəbər verir ki, bu barədə iddia ilə "Formula-1"i işıqlandıran idman jurnalisti Culiana Çerasoli çıxış edib.

O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:

"Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və "Formula-1" təqviminə uyğun keçirilməsi nəzərdə tutulur".

Qeyd edək ki, "Formula-1" təqviminə əsasən, Bəhreyn (4-cü mərhələ) və Səudiyyə Ərəbistanında (5-ci mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beşhəftəlik fasilə yaranacaq. May ayında çempionat Mayami Qran-prisi ilə davam edəcək.

AzNews.az