Ad çəkməyəcəm, çünki məqsədim hər hansı şəxsi hədəf göstərmək, yaxud hədəfə almaq deyil. Məni düşüncələr, peşəkarlıq və peşəkarlar üçün yeganə yanaşma tərzi olan rasionallıq maraqlandırır.
Elə bu səbəbdən də susa bilmədim.
Çünki yazının sonunda müəllif “görə bilməyənə nə qədər izah etsək, əbəsdir” kimi özündən razı halda sitəm də edir.
Bu cür “məmnunluq dolu gileylər" mənə çox yaxşı tanışdır. Həyatda o qədər rastıma çıxıblar ki, hər sətiri yazanda mimikalarının nə hala düşdüyünü belə təsəvvür edirəm.
Psixoloqlar sözümü təsdiqləyər, “Dunning-Kruger effekti” var, bilik və bacarığı aşağı olan insanlar öz səviyyələrini olduğundan qat-qat yüksək qiymətləndirirlər. Ömründə ABŞ, İsrail, teokratik İran bir qırağa, Azərbaycanla bağlı heç bir kitabı axıra qədər oxumayanlar, sosiologiyanın “s”-dən, diplomatyanın “d”-dən, konfliktologiyanın “k”-dan bixəbər olanlar elə şövqlə özünü biləndər göstərirlər ki, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanındakı bayatı yada düşür:
“Təbrizi Tehrana sat,
Məmdəli, dinmə, get yat”!
İndi Təbrizi Tehrana satanların 5-10 cümləlik yazısındakı kolliziyaları göstərəcəm.
ABŞ və İsrailin İrana qarşı əməliyyatları ilə bağlı açıqlanan mövqenin ana tezisi budur: “Hər iki tərəf pisdir, amma ikincini dəstəkləyirəm”. Yəni, deyir:
- İran rejimi zalımdır. Bu, doğrudur.
- ABŞ və İsrail “dünyanı məhv edir”- bu isə doğru kimi təqdim edilir, lakin nəinki doğru, hətta tam yalandır. İran kimi bir despot rejimin əlindən nüvə silahını yaratmaq şansını almaq dünyanı xilas etməkdir, nəinki dağıtmaq. Amma gəlin bu fikri ən azı mübahisəli hesab edək və soruşaq: Madam dünyanı ağ-qara görürsən və iki qara arasında qalmısan, onda niyə əlinə ağardıcı fırça alıb düşmüsən ortalığa?
Əgər “ilkeli duruş” "zülmə qarşı olmaqdırsa”, onda bütün zalımlara qarşı eyni mövqe tutmaq lazımdır. Selektiv yanaşma isə artıq prinsip yox, siyasi manipulyasiyadır. Üstəlik, geosiyasətdə pis və ya yaxşı tərəf yoxdur, proseslər, maraqlar və nəticələr var. Kimlərinsə, niyəsə İsrailə antipatiyası ola bilər, amma bu, İranı qətiyyən haqlı tərəf etmir.
İddia edilir ki, “İsrail və ABŞ dünyanı məhv edir”. Olduqca absurd yanaşmadır. Sabah yadplanetlilər Yerə hücum çəksə, bəşəriyyəti öz koloniyasına çevirmək istəsə, bu təhlükəyə qarşı hər kəs gözünü ABŞ-a, İsrailə, Britaniyaya, Almaniyaya dikəcək. Bəli, ABŞ və İsraili tənqid etmək olar. Məsələn Yaponiyaya vaxtilə atılan atom bombası bəşəri vicdan üçün qəbuledilməzdir. Amma ABŞ və İsrailin dünya nizamında oynadığ rolu Epşteynə calamaq banal rəydir. ABŞ qlobal sistemin qurucularından biridir- beynəlxalq hüquq, liberal iqtisadi sistemlər, texnoloji tərəqqi daha çox onun sayəsində mövcuddur.
İsrail regional aktordur və yarandığı gün ona qarşı müharibə elan edilib. Ərəb ölkələri zaman-zaman mövqelərinin yanlış olduğunu dərk edib və həm də bata bilməyərək İsrail qarşısından geri çəkiliblər. Mənim də qətiyyən qəbul etmədiyim Pəhləvilər dövründə İsrail İranın ən yaxın dostlarından idi. İran silahlanmasını İsrailin hesabına aparırdı. Molla rejimi İsraili tanımadı, SSRİ-nin dağılmasından sonra İsrail əleyhdarlığını proksi qüvvələr yaratmaq və nüfuzunu gücləndirmək siyasətinin alətinə çevirdi. “Epşteyn”, “sionizm”, “evangelizm” kimi terminlər üzərindən bu konflikt təhlil oluna bilməz.
Ayrıca, “həqiqət gizlədilə bilməz” deməklə, təsdiqlənməmiş məlumatları, komplo nəzəriyyələri həqiqət kimi təqdim etmək bir araya sığmır. Ən başlıcası, “bu dövrdə başqa cür düşünmək əxlaqsızlıqdır” iddiası daolduqca təhlükəli yanaşmadır. Primitv düşünməmək, hadisələri rasional yanaşmaq, ən əsası, istənilən prosesə Azərbaycanın milli hədəfləri kontekstində yanaşmaq əxlaqsızlıq deyil, ərdəmdir, şərəfdir. Alternativ baxışlar mürəkkəb geosiyasi vəziyyətdə daha çox faydalıdır. Lakin bu faydanı cılız ittihamlar deyil, samballı analizlər üzə çıxarır.
Məsələn, gəlin görək, “İran xalqı” doğrudanmı ABŞ və İsrailə qarşı “yumruq kimi” birləşib? Mən əksini düşünürəm. İran elitası da, iqtisadi-siyasi sistemi də, əhalisi də indi ən böyük ölçüdə parçalanıb. Bu gün etirazçı kütlənin meydana çıxmaması rejim ətrafında birləşmək yox, son günlərini sayan mollaların qəzəbinə tuş gəlməmək istəyinə bağlıdir. Hətta əksini düşünsək belə, bütün bunlar İran rejimini legitimləşdirmir, əsarətdə saxladığı xalqlara, Azərbaycan və Türkiyənin də daxil olduğu regiona, dünyaya təhdid olmaqdan çıxarmır.
Sonda iki faktı müqayisə edək.
İran eskalasiyadan öncə tərəfsiz dövlət kimi vasitəçiliyini qəbul etdiyi Omana raket qolazladı.
Amma İsrail Qarabağ münaqişəsi zamanı ermənilərə bircə mərmi də satmadı.
İndi kim dost ola bilmir: İran, yoxsa İsrail?
Saxta şüarlarla ehkam kəsmək Təbrizi Tehrana satmaq üçündür!
Sabah Hörmüz və Xark adasına ABŞ-ın kontroluna keçəndə bu gün Netanyahuya, Trampa həcv yazanlar iki barel neftdən ötrü Ağ evə mədhiyyə deyəcəklər. Hər kəs şahid olacaq ki, bu gün mənim kimi həyatını risk altına qoyanlar qalacaq bir yanda, Bütöv Azərbaycan davası aparanlardan qabaq onlar Təbrizdən selfi paylaşacaqlar.
Amma indi bu konyukturaçılar- söhbət konkret şəxslərdən yox, yanaşma ittifaqlarından gedir- Təbrizi Tehrana satmaqla məşğuldurlar.
Təbrizin onlara cavabı isə bayatı ilədir: “Məmdəli, dinmə, get yat”!
Taleh ŞAHSUVARLI