“Yaxşı qız şalvar geyinməz“ dedi, öldürüldü

19 Sentyabr 2013 13:47 (UTC+04:00)
Bakının Sabunçu rayonunda baş verən qanlı cinayətin bəzi təfərrüatları məlum olub.


Sabunçu rayon Prokurorluğundan "Gündəlik Teleqraf"a verilən məlumata görə, 23 yaşlı Natiq Hüseynov 26 yaşlı Elmir Quluzadəni bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, tərəflər arasında yaranmış mübahisə söyüş üstündə olub. Hadisəni törətdikdən sonra polisə təslim olan Natiq Hüseynov qətiyyən əməlindən peşman olmadığını deyib: "Peşman deyiləm. Biz mübahisə etdik, Elmir nalayiq söyüşlərlə məni təhqir etdi. Mən də ürəyinə bir bıçaq zərbəsi endirdim, sonra da ürəyim soyumadı, bədəninin müxtəlif yerlərinə çoxsaylı bıçaq xəsarətləri yetirdim".

Hadisə zamanı Natiq Hüseynovun özü də alın və digər nahiyələrdən xəsarət alıb. Qeyd edək ki, Elmirlə Natiq həm bir məhəllənin sakini olubr, həm eyni məktəbdə oxuyub, həm də dost olublar. Onların hər ikisi subaydır.

İstintaq araşdırması zamanı baş verən qətl olayının bəzi təfərrüatları üzə çıxıb. Müəyyən edilib ki, qətl törədilən vaxt Elmir Quluzadə içkili vəziyyətdə olub. Köhnə dostlar arasında yaranan mübahisə sonradan qızışıb. Natiq Hüseynov mübahisəni həll etmək üçün görüşmək istəyib. Elmir Quluzadə də onun "kişi söhbətinə" gəlib.

Söhbət zamanı Elmir Quluzadə Natiq Hüseynovun qohumu haqqında pis danışaraq, "yaxşı qız şalvar geyinməz" fikrini səsləndirib. Natiq Hüseynov yaxın qohumu haqqında səslənən fikirləri özünə təhqir hesab edib. O, bu məqsədlə qısas almaq qərarına gəlib. Natiq çıxış yolunu dostunu öldürməkdə görüb.


AzNews.az