Mikayıl Cabbarov yoxlamalara start verdi; İncəsənət Gimnaziyasında nə baş verir?

20 Sentyabr 2013 12:20 (UTC+04:00)
Təhsil Nazirliyi Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasında yoxlamalara start verib.


Bu barədə məlumat AzNews.az-a gimnaziyadan daxil olub. Məlumata görə, sentyabrın 18-də nazirliyin xüsusi komissiyası artıq gimnaziyada yoxlamalara başlayıb. Yoxlamaların övladı gimnaziyada təhsil almış valideyn R.Quliyevanın nazirlik da daxil olmaqla digər əlaqədar qurumlara müraciətindən sonra aparıldığı bildirilir.

Qeyd edək ki, R.Quliyeva AzNews.az-a açıqlamasında 7 ilə yaxın müddətdə gimnaziyanın icraçı direktor olan 68 yaşlı Mahizər Şabanbəyovanın rəhbərliyi ilə gimnaziyada qanunsuzluğun baş verdiyini vurğulamışdı. Şikayətçinin sözlərinə görə, gimnaziyada özbaşına maliyyə əməliyyatları aparılır. Dövlətin ayırdığı külli miqdarda vəsait istedadlı uşaqların üzə çıxarılmasına yox, şəxsi məqsədlər üçün sərf edilir. Məsələ ilə bağlı bir müddət əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Təhsil Nazirliyinə müraciət edilib. Bu müraciətdən sonra nazirlik gimnaziyada yoxlamalara başlayıb.

Gimnaziyanın direktoru Mahizər Şabanbəyova AzNews.az-a açıqlamasında nazirlik əməkdaşlarının gimnaziyaya gəldiyini təsdiqləyib: "Nazirlik əməkdaşları dünən gimnaziyaya gəlmişdilər. Ancaq onların mənimlə şəxsi işləri vardı.". Direktor bundan başqa heç nə demək istəmədiyini bildirib.

Elnur
AzNews.az