BORCUNU VERMİRSƏN-ƏRİNİ VER!

19 Sentyabr 2013 14:19 (UTC+04:00)

Gecədən xeyli keçsə də ər hələ evə qayıtmamışdı. Qadın uşaqları yatızdırıb pəncərənin qarşısına keçmişdi. Amma balaca həyətdə qaranlıq kölgələri gecəni bir az da vahimələndirən çılpaq ağaclardan başqa heç nə görə bilmirdi. Hə, bir də külək vardı, son yarpaqları da zorla budaqlardan qoparıb aparmaqda israrlı olan külək... Bu yad şəhərdə, gözünün görə biləcəyi hər şeyin qarşısını öz hündür və bir qədər də kobud görkəmi ilə arxasında gizlədən nəhəng binalardakı mənzillərin də işıqları bir –bir gözlərini yumurdu. Ətrafda hənirti azaldıqca qadın xoflanırdı, birdən gəlməsə, dönməsə... Tez də özünü yamanlayırdı: "Dilim-ağzım qurusun, bu nə fikirdir ağlıma gəlir, məgər, o bilmir ki, mən bu şəhərdə ondan başqa heç kəsi tanımıram!" Dönüb uşaqları yatan çarpayıya boylandı. Qızı gündəliyini qucaqlamışdı, axşamdan demişdi ki, bu gün ədəbiyyatdan 5 almışam, onu atama göstərəcəm! Amma atasını gözləyə bilməmişdi. Səhər tezdən məktəbə getməliydi. O üzdən də gündəliyini sinəsinə sıxıb yatmışdı, guya ki, atası gələn kimi oyanacadı! Belə demişdi... Oğlu yenə qaşqabağını tökmüşdü. Qadın zorla da olsa qımışdı: "Yatanda da eyni açılmır e, bu uşağın". Onunla üzbəüz dayanan "qara divin" -qadın o uca, kobud binanı nədənsə nağıllardan "tanıdığı" div qılığında görürdü və bu axşam əlinə bir korş bıçaq alıb o divin "dabanını oymaq" istəyirdi. Həyətə maşın girdi, onun işıqları ətrafı bir andaca qaranlığın əlindən çəkib aldı, qadının da sanki gözlərində də, ürəyində də bayaqdan bəri qat-qat çoxalan və yavaş-yavaş düyümlənən xofun üstündə qığılcım alışdı: "Deyəsən, bizimki gəldi!" - deyib az qala bütün vücudu ilə pəncərəyə sığınaraq maşını izləməyə başladı. Maşınsa heç nədən xəbərsiz blokların qarşısında yolunu azıbmış kimi dövrə vurdu və həyətin o biri başındakı çıxışdan sola burulub gözdən itdi. Yenə sakitlik, yenə sükut və bu sükutda eşidilən ürək döyüntüləri...gəlmədi, gəlməyəcək, gəlmədi, gəlməyəcək... Bu səhnəni nə vaxtsa görmüşdü... Oxuduğu kitablardamı, baxdığı filmlərdəmi, bu an dəqiq xatırlamaq iqtidarında deyildi. Ancaq çox tanış mənzərə idi, lap çox... onu üşəndirəcək dərəcədə tanış bir səhnə... ... Ərinin gecikdiyi günlər olurdu, amma mütləq zəng vurub xəbərdarlıq edirdi, gələndə də dönə-dönə üzürxahlıq eləyirdi ki, filan-filan məsələyə görə yubandım. Bu günsə...gecəyarını çoxdan keçmişdi. Telefonuna zəng çatmırdı...Qadın bir neçə dəfə onun dostugilə də zəng eləmişdi, amma o ünvanını bilmədiyi evdə telefonunun dəstəyini qaldıran olmamışdı. Sonra da xatırlamışdı ki, axı onun ərinin dost adlandırdığı o kişi harasa müalicəyə gedəcəyini söyləmişdi... Ayaqlarının ağrıdığını dan yeri ağaranda hiss elədi. Axşamdan elə durduğu yerdəcə quruyub qalmışdı. Bir azdan "qara div nəfəs almağa, qat-qat, mərtəbə-mərtəbə, mənzil-mənzil, otaq-otaq canlanmağa" başlayacaqdı. Uşaqları məktəbə yola salanda qızı gündəliyini peşiman-peşiman çantasına qoydu, atası onun 5-ni görmədi. Oğlu yaşına yaraşmayan bir ciddiliklə yavaşca soruşdu: "Gəlmədi, eləmi?" O gündən ailənin üstünə elə bil su çiləndi, hər şey məcrasından çıxdı, hər şey yadlaşdı, dəyərdən düşdü... Kişi nə o gün qayıtdı, nə də ondan sonrakı günlərdə, telefonunu söndürdü, iş yerini dəyişdirdi... Bu böyük şəhər sanki uddu onu, qum dənəsi, saman çöpü kimi... Hər şey bir az əvvəldən başlamışdı. Kişi dost deyib evinə gətirdiyi, süfrəsinin yuxarı başına çıxardığı ər-arvadın onlara yardım üçün əl uzatmasından sonra. Əslində ər yox, daha çox arvad canfəşanlıq edirdi: "Nə danışırsınız, heç biz qoyarıq ki, siz əziyyət çəkəsiniz, narahat olmayın, nə lazımdırsa, biz edəcəyik". Amma reallıqda "biz" deyilən bir anlayış yox idi, hər şeyi o qadın özü həll eləyirdi. İstədiyi vaxt uşaqların atasını yanına çağırırdı, istədiyi vaxt öz evindəymiş kimi onun xanımına irad tuturdu, göstəriş verir, yol göstərirdi. Kişi deyirdi ki, sən ondan incimə, ərk eləyir e! Görürsən bizim qayğımıza qalır, qolumuzdan tutur, bir ehtiacımız olanda bizə heç bildirmədən onu aradan qaldırır. Mən neyləyim axı, onların yanında boynum qıldan incədi. Qadın dəfələrlə demişdi ki, onların heç nəyi bizə lazım deyil, icazə ver mən də işləyim, sənə kömək eləyim, borcumuzu qaytaraq, sonra da özümüzə ev alaq, az tapsaq az, çox tapsaq çox yeyək. Mənə də, övladlarımıza da özgənin sədəqəsi lazım deyil. Mən o qadından qorxuram, sənə elə baxır ki, elə bil onun şəxsi malısan... Kişi üzünü bozartmışdı: "gic-gic danışma, o sadəcə bizim qayğımıza qalır!" Bir gün kişi sevincək bəyan elədi ki, bəs bütün borclarımı qaytardım. Qadın ağzını açıb nəsə soruşmaq istəyəndə əri imkan vermədi: "Tələsirəm, məni gözləyirlər." Bu get-gəllər bir neçə ay çəkdi, evdən soyumalar, ailədən qopmalar da elə o borc qaytarmadan sonra başladı... Qızın aldığı beşlərin sayı yavaş-yavaş azaldı, müəllimlər tez-tez onun gündəliyinə müxtəlif məzmunlu xatırlamalar yazmağa başladı: diqqətsizdir, özünə qapanıb, suallarımıza cavab vermir, dərs danışmır... Sonra oğlanın gündəliyi belə qeydlərdən "qara çiçəklər" açdı: vaxtaşırı dərsdən yayınır, müəllimlərə cavab qaytarır, əsəbidir, yaşıdları ilə aqressiv davranır, pis uşaqlara qoşulub, valideynlərini məktəbə dəvət edirik... Valideynin biri -Ata artıq yox idi, onlardan imtina etmişdi, onları atıb getmişdi. O biri isə evi dolandırmaq, balalarını onun üçün indi daha çox "qurdlar süfrəsini xatırladan bu həyatın, bu şəhərin aclıq və səfalət cəngindən" xilas eləmək həşirində idi. Qadın özünə iş tapmaq, kirayə qaldığı evin pulunu vermək, övladlarını bir yana çıxarmaq üçün çabalayırdı, gündə neçə qapı döyürdü. Onun uşaqlarla məşğul olmağa, iclasa getməyə, müəllimlərin danlağını eşitməyə vaxtı qalmamışdı. O bütün bunların səbəbini bilirdi, amma gücsüz idi, zəif idi, onun zərif çiyinləri bu yükün altında hər gün bir az da əyilirdi. Uşaqlar onun sözünə baxmırdılar, gözləri qapıda, qulaqları telefon zəngində idi. Hətta aralarında mübahisə də edirdilər: ataları gələndə qapını kim açacaq, ikisi də birinci olmaq istəyirdi... Qadının içində qəribə bir acı baş qaldırmışdı. Niyə, səbəbi nə idi bu xəyanətin, bu nankorluğun, bu üzüdönüklüyün? İndi onun ürəyindən intiqam hissi baş qaldırmışdı, amma bu intiqamı heç kəsdən yox, özü-özündən almaq istəyirdi. Bu qədər sadəlöhv olduğuna, hər kəsə inandığına, ərini sevdiyinə görə. Elə istəyirdi hər kəsin onu eşidə və görə biləcəyi bir yerə çıxıb hayqırsın; mənim və uşaqlarımın nə günahı var?