Sözün və sadəliyin adamı- Seyran Səxavət

23 Mart 2026 20:45 (UTC+04:00)

Bəzən insanları əvvəlcə uzaqdan tanıyırsan – televiziya ekranlarından, ədəbi mühitdən, kitablardan. Sonra həyat elə gətirir ki, yollarınız kəsişir və sən həmin insanın təkcə yaxşı yazıçı deyil, həm də necə gözəl bir insan olduğunu yaxından tanıyırsan.
Mən Seyran Səxavəti ilk dəfə illər əvvəl televiziya kanallarında gördüm. Sonra isə onun əsərlərini oxuyub kitablardan tanıdım. Daha sonra isə Azərbaycan Yazıçılar Birliyində, dəhlizdə tez-tez rastlaşır, sadəcə salamlaşıb keçərdim. Amma onunla ilk yaxın tanışlığımız 2023 - cü ildə Şuşada – "Vaqif Poeziya Günləri"ndə oldu. Mən orada çıxış edərək şeirlərimi söylədim. Çıxışımdan sonra Seyran müəllim mənə yaxınlaşıb dedi: “Gözəl şeir söylədiniz.” Sonra soruşdu ki, həkimsiniz? Dedim: “Bəli, həkiməm, həm də yazıçıyam.” Gülümsəyərək şeirlərimin xoşuna gəldiyini bildirdi.
2024-cü ilin dekabr ayında “Ulduz” jurnalının təsis etdiyi “Narkomaniyaya Yox deyək! " adlı hekayə müsabiqəsində mən də iştirak etmişdim və hekayəmlə qaliblərdən biri olmuşdum. Bir çox yazarlarla birlikdə mənə də diplom təqdim olundu. Həmin gün Seyran müəllim məni təbrik etdi və hekayəmi oxuyub bəyəndiyini bildirdi. Bu sözlər mənim üçün çox qiymətli və yadda qalan bir xatirədir..
Sonralar Yazıçılar Birliyində bir neçə dəfə qarşılaşdıq, söhbət etdik və tədbirlərdə, kitab təqdimatlarında görüşdük. Hətta onun dəvəti ilə keçən il Natəvan klubunda bir neçə cildddən ibarət seçilməmiş əsərlərinin təqdimatında iştirak etdim və kitablarını aldım. Bir neçə gün sonra tədbirlərin birində Seyran müəllim mənə hekayələrdən ibarət üç kitabını hədiyyə etdi. Həmin kitabları böyük maraqla oxudum. Onun hekayələrinin səmimiyyəti, həyatın içindən gələn sadəliyi və düşündürücü məzmunu həmişə diqqətimi çəkib.
Seyran Səxavət ədəbiyyata ilk olaraq şeirlə gəlib. Onun poeziyasında xüsusi bir səmimiyyət, duyğu və həyat fəlsəfəsi hiss olunur.
Elə sızıldayır qəlbim tar kimi,
Sən kimin eşqini daşıyacaqsan?
Bəlkə də divarlar, maşınlar kimi,
Sən də məhəbbətsiz yaşayacaqsan...
Burda tənhalıqdan lap iyrənmişəm,
Qoy meh sığallasın telini sənin.
Gedib yetmiş iki dil öyrənmişəm,
Hələ tapmamışam dilini sənin...
* *
Gəzirsən dünyada səssiz-səmirsiz,
İnsan azdırmağa duman kiçikdir.
Yenə qarşılaşdıq bir döngədə biz,
Dedim, yer kürəsi yaman kiçikdir!
Gah yerə baxırsan, gah da ki göyə,
Niyə bu dünyada gərək çaşaq biz?!
Niyə qarşılaşdım səninlə, niyə –
Mən ki istəmirdim qarşılaşaq biz...
Seyran Səxavət Azərbaycan ədəbiyyatında özünəməxsus yer qazanıb. Onun “Daş evlər”, “Dar köynək”, “Qızıl teşt”, “Nekroloq”, “Qaçaqaç”, “Kеnquru”, “Qapıların o üzündə qalan dünya”, “Bir stəkan hava” kimi əsərlərini tanıyıram və bir neçəsini maraqla oxumuşam. Bu əsərlərdə həyatın müxtəlif çalarları, insan taleləri və zamanın izləri sadə, lakin təsirli dillə təqdim olunur.
Seyran müəllimlə bir neçə dəfə telefonla da danışmışıq. Hər dəfə onun sakit, təmkinli, mehriban və sadə insan olduğunu bir daha hiss etmişəm.
Seyran Səxavət təkcə gözəl yazıçı deyil, həm də çox dəyərli və səmimi bir insandır.
Bu gün Seyran Səxavətin 80 yaşı tamam olur. Onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni-yeni əsərlər arzulayıram.

Məlahət Hümbətqızı