Nəqliyyat müfəttişləri qəzaya səbəb oldu; Maşın yandı – ÖZƏL

19 Sentyabr 2013 15:08 (UTC+04:00)
Bu gün Nəqliyyat Nazirliyinin əməkdaşları Heydər Əliyev prospektində, Binə qəsəbəsi ərazisində ağır qəzaya səbəb olublar.

Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, hadisə Nəqliyyat müfəttişləri vətəndaşa məxsus
"VAZ-2107" markalı bir maşının ardınca düşməsi nəticəsində baş verib. Belə ki, məlumata görə, nəqliyyat işçiləri Heydər Əliyev prospektində qovduqları maşını Binə qəsəbəsinin yaxınlığında arxadan vurublar. Şahidlərin sözlərinə görə, çox güman ki, nəqliyyat müfəttişləri idarəetməni itirdiklərindən maşına çırpılıblar.
Vurulma nəticəsində "Vaz-2107" yoldan çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Bunun ardınca isə maşın alışıb yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürən çağırılıb və yanan maşın söndürülüb.

Məsələ ilə əlaqədar Xəzər rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən hadisənin həqiqətən baş verdiyini, xəsarət alanların olduğunu bildirsələr də, əlavə məlumat verməkdən imtina ediblər.


Anar
AzNews.az