​"Üçüncü Dünya müharibəsi artıq başlayıb, sadəcə elan olunmayıb" -Kənan Novruzov

24 Mart 2026 21:19 (UTC+04:00)

"Mən bəzən deyirəm ki, dünyada artıq Üçüncü Dünya müharibəsi başlayıb və məhz bunu nəzərdə tuturam. Bu gün sadəcə o proses hələ rəsmi şəkildə elan olunmayıb. Məsələ nədən ibarətdir? Dünyada ciddi şəkildə qütbləşmə gedir. Tərəflər, öz oyunçularını seçirlər və bu proses davam edir. Bu proses bitdikdən sonra, əgər dünyada sabitliyi təmin edə biləcək ciddi bir hadisə baş verməsə və müharibələr, toqquşmalar dayandırılmasa, Üçüncü Dünya müharibəsi elan oluna bilər. Proses ona doğru gedir. Bunu deməyimin səbəbi odur ki, artıq müxtəlif regionlar bir-birinə bağlıdır. Bunu puzzle və ya şahmat taxtası kimi təsəvvür edin: A2-B4 intervallarında baş verən hadisələr D6-Y8 xanalarına da təsir edə bilər. Demək istədiyim budur ki, bugün yaxın Şərqdə baş verənlər mütləq Şərqi Avropaya təsir edir, Şərqi Avropada baş verənlər Cənubi Qafqaza, Cənubi Qafqazdakı proseslər isə Mərkəzi Asiyaya, Mərkəzi Asiyadakı hadisələr isə Avropaya təsir edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Ukrayna müharibəsi Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərir, ABŞ isə əvvəllər Rusiyanı zəiflətmək üçün müxtəlif addımlar atmışdı. Bu şəraitdə Moskvanın İranla bağlı mövcud qarşıdurmada verdiyi dəstək, Vaşinqtona qarşı dolayı bir strategiya kimi qiymətləndirilir. Ekspertlər bu vəziyyəti Rusiya-ABŞ geosiyasi rəqabətinin yeni mərhələsi kimi qiymətləndirir və bəzi hallarda hər iki tərəfin bərabər vəziyyətdə olduğunu vurğulayırlar. Beləliklə, Rusiyanın artıq müəyyən nəticələr əldə etmiş tərəf kimi çıxış etdiyi qeyd olunur.

Siyasi şərhçi bildirib ki, Yaxın Şərqdə baş verən proseslər Rusiyanı müəyyən mənada narahat edir və Rusiya tərəfindən İranın dəstəklənməsi təbii haldır.

"Lakin bu dəstək cüzi səviyyədədir, çünki Rusiyanın indiki gücü buna yetərli deyil. Əgər Rusiyanın özü bu dəstəyi təmin etməsə, müharibə bitdikdən sonra İran soruşa bilər: “Mən sənə dəstək verdim, sən mənə verdinmi?” Bu dəstək, indiki şəraitdə, həlledici deyil. Mənə elə gəlir ki, Donald Tramp ilə Rusiyanın lideri Vladimir Putin arasında gizli bir razılıq əldə olunub. Tramp son günlər bəyan edib ki, ABŞ Ukraynaya dəstəyi tamamilə dayandırıb. Ola bilsin, razılaşma nəticəsində Tramp Şərqi Avropada Rusiyaya mane olmur, hətta Rusiyanın əlini oynayır. Rusiya da yaxın Şərqdə proseslərin inkişafına müdaxilə etməsinə imkan verir ki, ABŞ öz oyununu oynasın. Müharibənin davam etməsi Rusiyaya sərf edir, çünki enerjinin və neftin qiyməti yüksəlir və bu, Rusiyanın iqtisadiyyatına faydalıdır. Yeri gəlmişkən, Avropanın enerji tədarükü baxımından Rusiyadan asılılığı artmış ola bilər. Rusiya bu müharibədə qazanan tərəfdir və çalışacaq ki, proses uzansın. Amma düşünürəm ki, müharibənin qarşıdakı 12-15 gün ərzində ən aktiv fazası bitəcək. Tramp proqnozlaşdırılması çətin siyasətçidir, amma hesab edirəm ki, o başa düşür: müharibənin davam etməsi dünyada böyük inflyasiya, aclıq və bahalaşma deməkdir. Əgər müharibə 2 aya yaxın davam etsə, nəticələr Şərqi Avropada daha ağır olacaq və proses tədricən genişlənərək üçüncü dünya müharibəsinə yol aça bilər. Digər tərəfdən, ABŞ hava əməliyyatlarında İranda məhdud nailiyyətlər əldə edib. Gələcəkdə quru əməliyyatları başlamaq lazım gələcək. Lakin quru əməliyyatları asan olmayacaq, çünki İranın relyefi buna əlverişlidir və İran hərbi qüvvələri öz ərazilərində döyüşə hazırlıdır. İranın hərbi elitası bilirlər ki, harada tank və top çıxartmaq lazımdır, ABŞ isə bunun üçün tam hazırlıqlı deyil, çünki döyüş İranın sahəsində baş verəcək. Məncə, yaxın zamanda tərəflər razılığa gələcək. Hərçənd, İsrail prosesə mane olmasa da, mümkün provokasiyalar istisna deyil. ABŞ-dan fərqli olaraq İsrail üçün müharibənin davam etməsi maraqlıdır, çünki Baş Nazir Netanyahu başa düşür ki, müharibələr və gərginlik olmasa, xalq onu hakimiyyətdə saxlamayacaq, xüsusilə Qəzza hadisələrindən sonra. Ona görə müharibələrlə müvəqqəti olaraq öz hakimiyyətini uzatmağa çalışır, çünki müharibə gedən ölkədə xalqın hakimiyyətə münasibəti daha aktiv şəkildə özünü göstərir və nəticələrə təsir edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az