Zelenski: “Rusiya sülh istəmir, hücumları davam etdirir”

25 Mart 2026 15:25 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı videomüraciətdə Rusiyanın ölkəsinə həyata keçirdiyi son hava hücumlarını dəyərləndirib.

Zelenski bildirib ki, Rusiya ordusu raketlər və silahlı pilotsuz uçuş aparatlarından istifadə edərək xüsusilə Ukraynanın enerji infrastrukturunu hədəf alır. Hücumlar nəticəsində mülki obyektlərə də ziyan dəyib.

O qeyd edib ki, ölkənin bir çox bölgəsinə edilən hücumlar təxminən bir gün davam edib. Lvov şəhərində isə kilsə kimi tarixi binalar zərər görüb.

Zelenski əlavə edib ki, hücumlar nəticəsində 5-i uşaq olmaqla 40 nəfər yaralanıb və təəssüf ki, həyatını itirənlər də var.

Zelenski vurğulayıb ki, Rusiyaya qarşı enerji sahəsində tətbiq olunan bəzi sanksiyaların qismən yumşaldılması Moskvanı müharibəni davam etdirməyə təşviq edir.

Onun sözlərinə görə, beynəlxalq təzyiq artırılmalıdır və hazırda Rusiyanı aqressiyanı davam etdirməyə sövq edən siqnallar mövcuddur.

ABŞ-də aparılan danışıqlara da toxunan Zelenski bildirib ki, hələlik real irəliləyiş yoxdur və Rusiya sülhə doğru addım atmaq istəmir.

O əlavə edib ki, Ukrayna sülh istəyir, lakin hücumlara cavab verməyə davam edəcək:

“Sülh etibarlı olmalıdır, məqsədimiz budur.”

Mövsüm,

AzNews.az