“Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata sarsıdıcı təsir göstərir” – Elçin Xalidbəyli

25 Mart 2026 19:00 (UTC+04:00)

"Son proseslər göstərir ki, ABŞ yaxın vaxtlarda müharibəni dayandırmağa daha meyilli mövqe nümayiş etdirə bilər. Çünki davam edən hərbi əməliyyatlar artıq ciddi problemlər yaratmaqdadır. Bu, yalnız İrana qarşı aparılan əməliyyatlarla məhdudlaşmır, eyni zamanda qlobal iqtisadiyyata vurulan zərbələr də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına birbaşa və sarsıdıcı təsir göstərir. Məlumdur ki, enerji bazarlarına çıxarılan neft məhsullarının təxminən 20 faizi məhz bu strateji marşrut üzərindən daşınırdı. Hazırda isə bu prosesdə ciddi məhdudiyyətlər müşahidə olunur və nəticədə bir çox ölkələrin iqtisadiyyatında problemlər yaranmağa başlayıb. Boğazın bağlanması təhlükəsi, inflyasiyanın artması və sosial-iqtisadi böhran ehtimalı getdikcə daha qabarıq şəkildə ön plana çıxır. Bu vəziyyət dünya dövlətlərini ciddi şəkildə narahat edir. Hətta bəzi məlumatlara görə, səhnəarxası kanallar vasitəsilə Donald Tramp administrasiyasına təzyiqlər göstərilir ki, İranla müharibə mümkün qədər qısa müddətdə dayandırılsın".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, regionda gərginliyin artması fonunda emosional və sərt qərarların verilməsi uzunmüddətli sabitliyi zəiflədərək İranı həm daxili, həm də regional münaqişələrin əsas mərkəzlərindən birinə çevirə bilər. Bu vəziyyət isə genişmiqyaslı qarşıdurma riskini artırmaqla yanaşı, dövlət institutlarının zəifləməsi ehtimalını da gücləndirir.

Siyasi şərhçi qeyd edib ki, eyni zamanda ABŞ daxilində də administrasiyaya təzyiqlər artmaqdadır.

"Müharibənin maliyyə yükü artıq əhəmiyyətli həddə çatıb – bəzi Qərb ekspertlərinin hesablamalarına görə, xərclər 30 milyard dolları ötüb. Bununla yanaşı, administrasiya Konqresdən əlavə 200 milyard dollar həcmində vəsait tələb edib ki, bu da ölkə daxilində gərginliyi daha da artırır. Cəmiyyətin müəyyən hissəsi ABŞ-nin bu müharibədə iştirakından narazıdır və müharibənin dayandırılması ilə bağlı çağırışlar getdikcə güclənir. Bütün bu amilləri nəzərə aldıqda, Tramp administrasiyasının müəyyən mərhələdə müharibədən imtina etmə ehtimalı istisna edilmir. Bununla belə, hər gün İrana qarşı zərbələr davam edir və bu hücumlar ölkə daxilində ciddi nəticələr doğurur. İranın siyasi elitasında artıq ciddi dəyişikliklər baş verib və bu proses davamlı xarakter alıb. Əgər müharibə uzanarsa, ölkədə hakimiyyət böhranı, iqtisadi və sosial sarsıntılar daha da dərinləşə bilər. Belə bir ssenaridə daxili ictimai gərginliyin artması, iğtişaşlar və ümumilikdə xaos riski istisna olunmur. Bu isə təkcə İran üçün deyil, bütövlükdə region üçün yeni və daha təhlükəli mərhələnin başlanğıcı demək ola bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az