“İran rəsmi olaraq heç kimə danışıqlara razılıq verdiyini etiraf etmir” – Əli Mustafayev

25 Mart 2026 22:06 (UTC+04:00)

"İranın Amerika tərəfinə güvənməməsi və ABŞ-nin hərəkətlərinin diplomatiyaya bağlanması ilə bağlı açıqlamaları başa düşüləndir. Son bir ildə ABŞ və İsrail İranın maraqlarına qarşı bir neçə hərbi əməliyyat həyata keçirib. Həm ABŞ, həm də İran arasında diplomatik kanallar mövcud olsa da, proses tam yekunlaşmayıb. İndi ola bilsin ki, danışıqlar məsələsi növbəti hücum üçün sadəcə fasilədir və yəqin İran tərəfi də bunu belə dəyərləndirir. Ona görə də İran Amerikan diplomatlarına, xüsusilə də Prezident Trampın açıqlamalarına etibar etmir və əksər ekspertlər bunu manipulyasiya kimi qiymətləndirir. İran rəsmi olaraq heç kimə etiraf etmir ki, danışıqlara razılıq verib. Hətta İran hərbçilərindən biri bəyan edib ki, Amerika öz-özü ilə danışır, Tramp isə bunu bizimlə danışıq kimi təqdim edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, Yaxın Şərqdə hərbi və diplomatik gərginlik davam edir. ABŞ Prezidenti Donald Tramp Tehranın danışıqlara hazır olduğunu desə də, İran bunu təkzib edir. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, “İran ilə ABŞ arasında heç bir danışıqlar yoxdur və əvvəlki danışıqlar zamanı qısa müddət ərzində iki dəfə hücuma məruz qalmışıq. Heç kim ABŞ diplomatiyasına güvənə bilməz”.

Siyasi şərhçi qeyd edib ki, görünən odur ki, Amerika indiki mərhələdə danışıqları vacib sayır.

"Yaxud onlara sadəcə hazırlıq üçün zaman lazım ola bilər. Eyni zamanda, neft bazarlarında qiymətləri sabitləşdirmək üçün belə bir informasiyanın yayılması da məqsədəuyğun hesab edilə bilər. Amma istisna deyil ki, arxa planda müəyyən səviyyədə danışıqlar gedir. İran adətən proseslərdə müşahidəni etiraf etmir, bəzən yalanlayır, amma sonra həqiqəti açıqlayır. Məsələn, bir neçə yüksək rütbəli İran şəxslərinin öldürülməsi ilə bağlı ilkin olaraq yalanlama olmuş, sonradan isə etiraf edilmişdi. İndiki mərhələdə də mümkündür ki, İran tam şəffaf davranmır və gizlindən danışıqlar və ya üçüncü tərəf məsləhətləşmələri gedir, amma bunu etiraf etmirlər. Burada əsas məqsəd ictimai rəyi hazırlamaqdır. Bu baxımdan, danışıqların mümkünlüyü və ya olmaması barədə eyni səviyyədə müzakirə aparmaq olar. Konkret olaraq, ABŞ belə bir prosesin olduğunu bildirir, İran isə yox. Lakin artıq məlumat var ki, həftə sonu Pakistanda danışıqlar keçiriləcək. ABŞ-nin 15 maddəlik təklifləri, İranın isə 5 maddəlik təklifləri var və yəqin ki, bunlar açıqlanacaq. İranın mövqeyi və ABŞ-nin strategiya üstünlüyü baxımından isə hələlik strateji üstünlükdən danışmaq tezdir. Amerikanlar indiyə qədər uğurlu əməliyyatlar aparsa da, savaşın yekununu istədikləri zaman çərçivəsində həll edə bilməyiblər. İranlılar isə iddia etdikləri qədər zərərsiz çıxmayıblar. Onlar raket və dronlarla cavab verirlər, amma eyni zamanda ölkənin bir çox şəhərlərində ciddi dağıntılar var və sistem daxilində böyük itkilər mövcuddur. Hər iki tərəfin ciddi itkiləri və uğursuzluqları var. Ona görə də indiki mərhələdə strateji üstünlük yoxdur. Qeyd etmək lazımdır ki, strateji üstünlük məsələsi, hələ ki, savaşın tərəflərindən çox, Çinə aid edilə bilər. Proses başa çatmadığı üçün indiki fikirlər aralıq və yekun qənaət deyil. Prosesin gedişindən nəticə məlum olacaq. Tramp prinsipcə bölgədə qalmamaq üçün danışıqlar masasına oturub, müəyyən güzəştlər edib və çəkilə bilər. Belə halda Amerika müəyyən üstünlüklər əldə edə bilər. Amma əgər savaş uzanacaq və resurslar tükənənə qədər davam edəcəksə, o zaman nəticəni resursları tükənməyən tərəf müəyyən edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az