"İranın mövqeyi reallıqları nəzərə almır" – Azər Həsrət

25 Mart 2026 22:11 (UTC+04:00)

"İranın xarici işlər naziri Abbas Əraqçi faktiki olaraq ölkəsinin əsas sözçüsünə çevrilib. Lakin təəssüf ki, o, daha çox diplomatik dil deyil, sərt və müharibə yönümlü ritorikaya üstünlük verir. Halbuki mövcud şəraitdə İran ciddi təzyiqlər altındadır, ölkənin ali siyasi-hərbi rəhbərliyinə qarşı zərbələr endirilib və təhlükəsizlik mühiti son dərəcə zəifləyib. Artıq vəziyyət o həddə çatıb ki, paytaxt Tehran daxil olmaqla, ölkə ərazisində təhlükəsizlik zəmanəti demək olar ki, qalmayıb. Belə bir vəziyyətdə olan dövlətin xarici siyasət rəhbərindən gözlənti daha çox gərginliyi azaltmağa yönəlmiş addımlar atmaqdır. Digər tərəfdən, ABŞ tərəfindən müharibənin dayandırılması ilə bağlı çağırışlar səsləndirilsə də, İran tərəfi yenə sərt mövqe nümayiş etdirərək danışıqlardan imtina edir və öz şərtlərini irəli sürür. Halbuki mövcud reallıqda İranın bu cür şərtlər diktə etmək imkanları kifayət qədər məhduddur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Donald Trampın müharibəni dayandırmağa yönəlik çağırışları diqqət mərkəzində olsa da, real döyüş şəraitində gərginlik səngimək əvəzinə daha da dərinləşir. Bu fonda Abbas Əraqçinin sərt və qətiyyətli bəyanatları mövcud balansı sarsıdan əsas amillərdən biri kimi qiymətləndirilir. İran həm diplomatik, həm də hərbi baxımdan həssas bir mərhələdən keçdiyi bir vaxtda, Əraqçi proseslərin mərkəzində dayanan əsas fiqurlardan birinə çevrilib. Bununla paralel olaraq, diplomatik çevrələrdə vəziyyətlə bağlı fərqli və bir-birinə zidd yanaşmalar da səsləndirilir.

Siyasi şərhçi qeyd edib ki, hazırkı şəraitdə İranın həm ABŞ, həm də İsrail qarşısında hərbi üstünlük qazanmaq imkanları olduqca məhduddur.

"Hətta bəzi qiymətləndirmələrə görə, ölkənin hava məkanı faktiki olaraq rəqib qüvvələrin nəzarəti altındadır. Bu fonda sərt şərtlərlə çıxış etməkdən daha çox, reallıqları nəzərə alan yanaşmaya ehtiyac olduğu vurğulanır. Eyni zamanda, son məlumatlara əsasən, ABŞ regiona əlavə hərbi qüvvə göndərməkdə davam edir. Müxtəlif mənbələr bu sayın 1 500-dən 3 000-ə qədər dəyişdiyini bildirir. Bu isə onu göstərir ki, Vaşinqton hələlik müharibəni dayandırmaq niyyətində deyil və prosesi öz strateji məqsədlərinə uyğun şəkildə davam etdirməyə çalışır. Belə şəraitdə hesab edirəm ki, İran hərbi ritorikadan uzaqlaşaraq danışıqlara üstünlük verməlidir. Bu prosesdə Pakistan, Azərbaycan və Türkiyə kimi ölkələrin vasitəçilik imkanları da nəzərdən keçirilə bilər. Müvafiq diplomatik addımlar atılarsa, münaqişənin daha qısa müddətdə sona çatması ehtimalı istisna olunmur".

Rəfiqə Namazəliyeva,

AzNews.az